Hava şəritinin kəskin dəyişiləcəyi barədə verilən məlumatı nəzərə alaraq  istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülüb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də regionlarda havanın temperaturun kəskin aşağı düşəcəyi gözlənilir.  Bəzi yerlərdə sulu qar və qarın yağması proqnozlaşdırılır. 

Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, zəruri olan mal-materialların ehtiyatı yaradılıb.

Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Fərdi qaydada belə hər hansı problemləri yaranarsa, istehlakçılardan 199 “Çağrı mərkəzi”nə zəng etmələri xahiş olunur.