Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili çərşənbə günü Tbilisidə keçirilən növbəti məhkəmə iclasında Ukraynanın dövlət himnini oxuyub.
"Unikal" xəbər verir ki, bu barədə gürcü teleşirkətləri məhkəmə prosesinin görüntülərini yayıblar.
Çərşənbə günü Tbilisi Şəhər Məhkəməsi Saakaşvilinin iştirak etdiyi dövlət vəsaitlərinin mənimsənilməsi işi üzrə məhkəməni davam etdirib. Dövlət vəsaitinin mənimsənilməsi işi Gürcüstanda “gödəkçə işi” kimi tanınır. İttiham tərəfi iddia edir ki, Saakaşvili prezidentliyi dövründə dövlət vəsaiti ilə gödəkçələr və paltolar alıb, oğlunun təhsil haqqını ödəyib, kosmetik prosedurlar keçirib, bahalı avtomobillər və təyyarələr icarəyə götürüb, qol saatları alıb.
Saakaşvilinin məhkəmədə göstərdiyi fotolarla şərhinə görə, göstərilən bahalı evlər sübut edir ki, ondan fərqli olaraq indiki hökumət dövlət büdcəsindən pul oğurlayır. Prokuror Saakaşvilini yalan yaymaqda ittiham edib və hakimi müvafiq tədbir görməyə çağırıb. Hakim də öz növbəsində eks-prezidentə və onun vəkillərinə bir neçə dəfə xəbərdarlıq etməli olub ki, sakitləşsinlər.
Saakaşvili çıxışını məhkəmə zalında səslənən Ukrayna himninin sədaları altında bitirib. Saakaşvili əlində Ukraynanın dövlət bayrağını tutaraq dövlət himnini oxuyub.
Ağarza Elçinoğlu