Bərdədə 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsə bəraət verilməsi ilə bağlı hökmdən protest veriləcək.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Unikal"a verilən xəbərdə bildirilib ki, Bərdə rayon Məhkəməsi tərəfindən Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə istintaqı tamamlanmış cinayət işi üzrə verilmiş bəraət hökmündən qurum tərəfindən protestin verilməsi təmin ediləcək. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Bərdə Rayon Məhkəməsinin hökmündə qeyd olunub ki, təqsirləndirilən şəxsə qarşı ittihamın sübuta yetirilmədiyi səbəbi ilə ona bəraət verilib.
Xatırladaq ki, 2021-ci ilin yay aylarında Bərdənin Cumalar kənd sakini polisə müraciət edərək qızının 2020-ci ilin avqust ayında həmkəndlisi tərəfindən zorlandığını bildirib. Ekspertizanın rəyi əsasında həqiqətən də qızın bakirəliyinin pozulması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini Y.B saxlanılaraq istintaqa cəlb olunub.