Azərbaycanda 8 şirkətə cinayət işi açılıb.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Quba və Xaçmaz rayonları ərazisində yerləşən Qaraçay, Vəlvələçay, Qudyalçay və Babaçay adlı cəmi 4 qum-çınqıl yataqlarında fəaliyyət göstərən qum-çınqıl karxanalarında araşdırma aparılıb.
Ətraf mühitin mühafizəsi sahəsində mütəxəssislərin iştirakı ilə GPS cihazları vasitəsilə ölçü işləri aparılaraq əraziyə baxış keçirilib, müxtəlif sorğular göndərilib.
İlkin hesablamalara görə, 8 şirkət və 5 sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin fəaliyyətində 6 milyon manatdan çox məbləğdə ziyana səbəb olan qanun pozuntuları aşkar edilib.
Araşdırma nəticəsində fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 308.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə 13 cinayət işi başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.