17 fevral 2022-ci il tarixində Vətən Müharibəsi Qəhrəmanı Qala qəsəbəsindəki polkovnik-leytenant Ramiz Qasımovun adını daşıyan 216 saylı tam orta məktəbdə şəhid Polkovnik-leytenantın ailə üzvlərinin iştirakı ilə onun doğum günü qeyd edilib.
"Unikal" xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Hərbi Hava Qüvvələrinin komandanının müavini polkovnik Elşad Pənahov, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqub Abbasov, bir çox şəhid valideynləri, N saylı hərbi hissənin zabit heyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsininin və rayon ictimaiyyəti nümayəndələri iştirak edib.
Tədbir şəhid polkovnik-leytenantın qızı Gülanə Qasımovanın rəsm əsərlərindən ibarət sərgiyə baxışla başlanıb. Sonra tədbir məktəbin akt zalında davam edib. Dövlət himnindən sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Məktəb kollektivinin üzvləri tərəfindən hazırlanmış şəhid Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımova həsr edilmiş film nümayiş etdirilmiş, Ali Baş Komandanımızın Şuşa şəhərinin alınması münasibətilə Şəhidlər Xiyabanındakı çıxışı səsləndirilmişdir.
Bədii hissədən sonra Xəzər RİH başçısı Elşən Salahov, YAP Xəzər rayon Təşkilatının sədri Namik Əhmədov, Hərbi Hava Qüvvələrinin komandanının müavini polkovnik Elşad Pənahov, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqub Abbasov şəhidlərimizin xatirəsini yad edərək, 44 günlük Vətən Müharibəsində xalqımızın və Ordumuzun Ali Baş Komandanımızın rəhbərliyi altında göstərdiyi qəhrəmanlıq və sücaətdən, azad olunmuş torpaqlarımızda hazırda aparılan quruculuq işlərindən danışmış və şəhidin övladlarına, şəhid ailəsinə səbr diləmişdir. Şəhidin həyat yoldaşı Günel Qasımova həyat yoldaşına dövlətimiz tərəfindən göstərilmiş diqqətə və ailəsinə olan hərtərəfli qayğıya görə dərin minətdarlığını ifadə etmişdir. Xəzər rayon Gənclər və İdman İdarəsi və Gənclər Evinin kollektivi tərəfindən Vətən Müharibəsi Qəhrəmanının qızına atasının yağlı boya ilə işlənmiş böyük ölçüdə portretini hədiyyə etmiş, onu İdarənin Fəxri diplomu ilə təltif etmişlər. Tədbirin sonunda “Azərbaycan” mahnısının sədaları altında “Səma” rəqs qrupunun kompozisiyası nümayiş etdirilmişdir.