Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayonun Güzdək qəsəbə sakinlərilə səyyar qəbul-görüşü keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
İştirakçılar əvvəlcə şəhid Turabov Rüstəm Fərman oğlunun xatirəsinə ucaldılan Abidə Bulaq Kompleksini ziyarət etmiş, baralyefi önünə tər çiçəklər düzərək ruhuna dualar oxumuş, ehtiramla yad ediblər.
RİH başçısı Abdin Fərzəliyev daha sonra şəhid ailələri ilə görüşmüş və Güzdək qəsəbə tam orta məktəbdə təhsil alan Vətən Müharibəsi şəhidlərinin övladlarının təhsili, qayğıları və problemləri ilə maraqlanıb.
Qəsəbə sakinləri ilə baş tutan görüşdə Abdin Fərzəliyev çıxış edərək bildirmişdir ki, bu səpkili səyyar-qəbullar bundan sonra mütəmadi olaraq keçiriləcək və sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir.
RİH başçısı torpaqlarımızın işğaldan azad olunmasından, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qələbə qazandığı 44 günlük Vətən Müharibəsindən, döyüş meydanında düşmənin məğlubiyyətindən danışaraq qeyd etmişdir ki, bütün ölkə ərazisində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı daimi olaraq göstəriləcəkdir.
Daha sonra kənd sakinləri çıxış edərək qəsəbə ərazisində elektrik dirəklərinin və transformatorların köhnə olması səbəbindən elektrik enerjisinin təminatında tez-tez fasilələrin olduğunu, kəndin yeni salınan məhəllələrinə telefon və qaz xəttlərinin çəkilməsində, içməli suyun verilməsində, daxili küçələrin abadlaşdırılmasında və qəsəbənin marşrut xəttlərindəki mövcud avtobusların sayının artırılmasında köməklik göstərilməsini xahiş etmişlər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunuş, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilmişdir.
RİH başçısı yekun nitqində qeyd etmişdir ki, Abşeron Rayon Yol İstismar İdarəsi Yaradılacaq və hazırda daxili yolların abadlaşdırılması istiqamətində proqramlar işlənilir. Bu proqrama əsasən ilkin növbədə kənd və qəsəbələrdə şəhidlərimizin adlarını daşıyan küçələr və eləcə də əsas yollar abadlaşdırılacaq.