Ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində yaz ağac əkini çərçivəsində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, bu gün Siyəzən və Samux rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 5 hektar ərazidə 10 000-dən çox meşəcinsli ağac tingi əkilib.
Qeyd edək ki, son 3 gün ərzində Zaqatala, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş, Tovuz, Samux, Şəmkir, Siyəzən, Quba, Masallı və Lənkəran rayonlarında keçirilən ağacəkmə tədbirləri zamanı ümumilikdə 33 hektar meşə fondu ərazisində 56 000-dən artıq meşəcinsli ağac əkilib, 500 kiloqram toxum səpilib.