Bu gün 100-ə yaxın Azərbaycan vətəndaşının Odessadan təxliyəsi planlaşdırılır.
Bu barədə "Unikal"-a Odessa Azərbaycanlılarının Diasporu “Birlik” ictimai təşkilatının sədr müavini Anar Ağazadə məlumat verib.
O təxliyə ilə bağlı müraciətlərin sayının azaldığını bildirib: “Son günlər vətəndaşlarımız tərəfindən müraciətlərin sayı azalıb. Bu gün Xarkovdan 30-a yaxın, Nikolayevdən bir neçə ailə, ümumilikdə 100-ə yaxın vətəndaşlarımız təxliyə olacaq”.
Anar Ağazadə qeyd edib ki, hazırda Odessada nisbi sakitlik hökm sürür:
“Odessada yaşayan azərbaycanlılar humanitar yardım qərargahlarına kömək edirlər. Bizim öz xəttimizlə indiyə qədər minə yaxın vətəndaşımız təxliyə olunub. Üstünlük əsasən qadın, körpə və tələbələrə verilir”.
Qeyd edək ki, Ukraynada müharibə səbəbindən indiyədək 5 minə yaxın vətəndaşımız bu ölkədən təxliyə olunaraq, Azərbaycana gətirilib.