"Prezident İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf meyilləri davam edib, pandemiyanın milli iqtisadiyyatımıza neqativ təsirləri minimuma endirilib".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Mahir Abbaszadə deyib.
Deputat bildirib ki, iqtisadiyyatı şaxələndirmək, neftdən asılılığı minimuma endirmək, iqtisadi artımın sürətini və dayanıqlığını gücləndirmək, əhalinin rifah halını yaxşılaşdırmaq və digər bu kimi vəzifələr ölkəmiz qarşısında müəyyən edilmiş əsas çağırışlardır. Reallaşdırılan çevik və kompleks antiböhran tədbirləri nəticəsində 2021-ci il ərzində ölkədə makroiqtisadi sabitlik qorunmuş, milli valyutanın məzənnəsi ölkədə maliyyə sabitliyinin başlıca lövbəri kimi özünün dayanıqlığını təsdiq edib:
"Peyvəndlənmə prosesinin kütləviləşməsi və sosial təcrid məhdudiyyətlərinin tədricən yumşaldılması, eləcə də iqtisadi subyektlərin yeni şəraitə tədricən uyğunlaşması nəticəsində iqtisadi fəallıq bərpa edilib, 2021-ci il üçün nəzərdə tutulan proqnozdan daha yüksək iqtisadi artıma nail olunub. Hesabat ilində ÜDM-in həcmi 5,6% artıb. Strateji valyuta ehtiyatlarımız 2,4 mlrd. ABŞ dollarına yaxın artaraq 53,0 mlrd. ABŞ dollarını ötüb və xarici dövlət borcunu 6 dəfədən çox üstələyir. Bu, ölkənin maliyyə təhlükəsizliyi baxımından çox müsbət göstəricidir. Baxmayaraq ki, pandemiya dövründə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə dövlət borcu, büdcə balansı ilə bağlı vəziyyət pisləşib. Pandemiyanın yeni dalğasına baxmayaraq, əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində çox vacib qərarlar qəbul edilib. Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara xüsusi qayğının göstərilməsi sosial sahədə dövlət siyasətinin mühüm istiqaməti olaraq diqqət mərkəzində saxlanılır. Hesabat ilində şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin, minik avtomobillərinin verilməsi, onların sosial təminatının yaxşılaşdırılması, məşğulluq imkanlarının yaradılması sahəsində konkret işlər görülüb".
M.Abbaszadə qeyd edib ki, şanlı qələbəmizlə başa çatan 44 günlük müharibədən sonra ölkəmiz öz nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirmək baxımından əlverişli fürsət əldə edib:
"Müzəffər Ali Baş komandan İlham Əliyevin bilavasitə təşəbbüsü ilə gündəmə gələn Zəngəzur dəhlizi Azərbaycanın həm tarixi nailiyyəti, həm də böyük siyasi qələbəsidir. Hesabat dövründə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atılıb və onun fəaliyyəti üçün müvafiq tədbirlər davam etdirliməkdədir. İşğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurma tədbirlərinin icrası 2021-ci ilin əsas prioritetlərindən biri kimi diqqət mərkəzində saxlanılıb. Ötən il komitə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda aktivliyinin təmin olunması, habelə, diaspor təşkilatları arasında əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər və onlayn konfranslar təşkil edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyət göstərir. Artıq dünyanın 6 şəhərindəki “Qarabağ məktəbi”ndə 250-dən çox azərbaycanlı uşaq təhsil alır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan proqramlı idarəetmə, milli maraqlarımızın qətiyyətlə qorunmasına xidmət edən dövlət siyasəti, davamlı olaraq həyata keçirilən sosial-iqtisadi və institusional islahatlar, hökümətin koordinasiya olunmuş fəaliyyəti təkcə Milli Prioritetlər üzrə deyil, həm də növbəti illərdə nəzərə tutulmuş bütün tədbirlərin sistemli və ardıcıl şəkildə reallaşdırılmasına hərtərəfli zəmin yaradır".