Qədim adət-ənənələrimizi özündə ehtiva edən milli bayramımız Novruz həmçinin özündə xalqımızın milli kimliyini təcəssüm etdirir. Müsətqillik əldə etdikdən və Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra Novruz bayramı dövlət səviyyəsində rəsmi bayram olaraq qeyd olunmağa başlanıldı.
Sovetlər dövründə mövcud olan qadağalara rəğmən yalnız el bayramı kimi qeyd olunan Novruz xalqımız tərəfindən yaşadılımış və bütün adət-ənənələri qorunub saxlanılmışdır. Novruz bayramı yazın ilk günü qeyd olunan və həyatın, təbiətin canlanmasını özündə əks etdirən bir bayram olmaqla yanaşı Azərbaycan folklorunu da özündə birləşdirməyi bacarmışdır. Novruza qədər 4 çərşənbənin qeyd olunmasının fəlsəfəsi də məhz həyat əlaməti olan 4 ünsürü - su, od, hava və torpağı simvolizə edir.
Novruz bayramında keçirilən kütləvi bayram şənlikləri isə xalqımızın birlik-bərabərlik və həmrəyliyindən xəbər verir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə hər il Novruz bayramında el şənliklərində iştirak edən Ulu Öndər Heydər Əliyev xalqımızın milli bayramına böyük önəm verir, Novruz bayramının mahiyyətini izah edən dəyərəli fikirlər söyləyirdi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Novruz bayramını xalqın gözəl neməti və dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı adlandırmışdır. Eyni zamanda bildirmişdir ki, böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Ulu Öndər həmçinin hesab edirdi ki, müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz. Ona görə də Novruz xalqımızın hamısını eyni dərəcədə həm sevindirməli, həm həvəsləndirməli, həm də birləşdirməlidir.
Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalan, onun ideya və fikirlərini öz siyasi fəaliyyətində yaşadan cənab Prezident İlham Əliyevin də Novruz bayramına qarşı xüsusi bir münasibəti vardır. Müsətqil Azərbaycan dövlətinin milli bayramı olan Novruz xalqımız tərəfindən indi daha böyük coşqu və təmtəraqla qeyd olunur. Ölkə başçısı cənab İlham Əliyev hər il Novruz bayramı münasibətilə xalqı təbrik edir, keçirilən el şənliklərində iştirak edir. Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqıları məlumatlıdırlar. Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən isə, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Həmçinin 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində xalqmızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir.
Müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə xalqımızın ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi. 1998-ci il martın 20-də məcburi köçkünlər üçün keçirilən Novruz şənliyində Ulu Öndər Heydər Əliyev də bu haqda qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır.” Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və xalqımız artıq ikinci ildir ki, həmin ərazilərdə Zəfər təntənəsi ilə Novruz bayramını qeyd edir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri