Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü 15 mart 2022-ci il tarixdə rayonun Viravul kəndində keçirib.
"Unikal" xəbər verir ki, sakinlər tərəfindən razılıqla qarşılanan görüşdə İcra başçısı ilə birlikdə rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət idarələrinin rəhbər şəxsləri də iştirak ediblər. Qəbul-görüşdə Viravul kənd İcra nümayəndəsi çıxış edib ötən dövr ərzində görülən işlər barədə geniş məlumat veriblər. Qeyd olunub ki, rayonun iri yaşayış məntəqələrindən olan Viravul kəndində son illərdə dövlət investisiya proqramları çərçivəsində bir sıra mühüm sosial əhəmiyyətli layihələr icra olunub, ən müasir tələblərə cavab verən məktəb binası tikilib istifadəyə verilib, aqrar sahəyə göstərilən dövlət qayğısı sakinləri öhdələrində olan torpaqlardan daha səmərəli istifadə etməyə həvəsləndirdiyindən kənddə ümumi məhsul istehsalı əvvəlki illərə nisbətən dəfələrlə artıb. Xüsusilə heyvandarlıq, əkinçilik və baramaçılıq sahələrində yüksək nəticələr əldə olunub.
Çıxış edən kənd sakinləri dünyada baş verən mürəkkəb qlobal hadisələr fonunda dövlət başçısının həyata keçirdiyi uğurlu siyasəti, xüsusilə əhalininin koronavirus pandemiyasının çətinliklərindən qorumaq sahəsində görülən əməli işləri ürəkdən bəyəndiklərini qeyd edərək müraciətlərinə göstərilən həssas münasibətə, davamlı qayğıya və əvvəlki görüşlər zamanı qaldırılan məsələlərin həllinə görə ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu fikirlər çatdırıblar. Qəbul-görüşü yekunlaşdıran İcra başçısı vətəndaşların müraciətlərinə həssaslıqla baxılması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin Lənkəran ŞİH-nin gündəlik fəaliyyətinin əsasını təşkil etdiyini və keçirilən səyyar qəbul-görüşlərin bu məqsədə xidmət etdiyini xüsusi vurğulayaraq irəli sürülən məsələlərin həllindən ötrü lazımi tədbirlərin görüləcəyini söyləyib.