"Prezident İlham Əliyevin rəhbərliyə ilə həyata keçirilən balanslı xarici siyasət, region və eləcə də dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara söykənən münasibətlər qurması və əməkdaşlıq etməsi Azərbaycanın nüfuzunu getdikcə artırır".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
"Ölkəmizin Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, regionda sülhyaratma və təhlükəsizliyin təmin olunmasında əldə etdiyi nailiyyətlər, atdığı addımlar və irəli sürdüyü təşəbbüslər həm bölgənin, həm də bütövlükdə dünyanın təhlükəsizliyinə müsbət təsir göstərəcək. Bu, artıq beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməkdədir. Azərbaycan regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə davamlı töhfələr verməkdədir. Belə töhfələrdən biri də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumun imzalanmasıdır. Yeni layihə Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər qazandırır. Bu yol, əslində, Ermənistan ərazisindən çəkilməsi nəzərdə tutulan Zəngəzur dəhlizinə paralel və yaxud alternativ bir marşrutdur. Beləliklə, Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı xoş olmayan niyyətləri iflasa uğrayır. Yəni, Zəngəzur dəhlizi Ermənistansız da fəaliyyət göstərəcək. Bütövlükdə Azərbaycanın İran ərazisindən keçməklə yaradılan yeni nəqliyyat dəhlizindən götürəcəyi iqtisadi dividentlər də kifayət qədər böyükdür. Yeni yol bağlantısı ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya olunacaq. Bu, o deməkdir ki, Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər Azərbaycandan keçəcək. Bunun sayəsində də respublikamızın gəlirləri artacaq. Eyni zamanda, Naxçıvanla kommunikasiya əlaqələri təmin olunacaq".