Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bir çox avtomobil istehsalı şirkətləri ilə əməkdaşlıq edən, beynəlxalq müsabiqələrdə yüksək nailiyyətlər qazanan, Azərbaycanın ilk peşəkar maşın dizayneri Samir Sadıxovun gənclərlə görüşü keçirilib. İtaliya-Azərbaycan Dizayn Mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşdə Universitetin Dizayn ixtisası üzrə təhsil alan tələbələri iştirak edib.
"Unikal" xəbər verir ki, mərkəzinin direktoru Fərid Kərimov görüşü açıq elan edərək dəvəti qəbul edib tələbələrlə görüşə gələn S.Sadıxova təşəkkürünü bildirib. F.Kərimov İtaliya-Azərbaycan Dizayn Mərkəzinin dizayn sahəsində aparıcı mütəxəssislər, eləcə də digər tanınmış şəxslərlə silsilə görüşlər layihəsinə bu gün etibarilə start verildiyini bildirib.
Daha sonar S.Sadıxov peşəkar və yaradıcı fəaliyyəti, keçdiyi həyat yolundan, dizayn sahəsində beynəlxalq təcrübələrindən danışıb. Elm-təhsil, intellektual inkişafla bağlı müxtəlif tövsiyələr verib və layihələrini nümayiş etdirib.
Diskussiya formatında davam edən görüş zamanı çağdaş dizayn yenilikləri barədə fikir mübadiləsi aparılıb. Tələbələri maraqlandıran suallar S.Sadıxov tərəfindən cavablandırılıb.