17 mart 2022-ci il tarixdə 1995-ci il mart hadisələri zamanı qəhrəmancasına həlak olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əsgər Ələkbər oğlu Əliyevin xatirəsini anmaq məqsədilə Lənkəran şəhərində qəhrəmanın adını daşıyan mədəniyyət və istirahət parkında tədbir keçirilib. Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəsmi şəxsləri, ictimai birliklərin və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edblər.
"Unikal" xəbər verir ki, icra başçısı və tədbir iştirakçıları qəhrəmanın abidəsini ziyarət edib önünə tər çiçəklər düzməklə ruhuna bir daha ehtiramlarını ifadə ediblər. Tədbiri giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız dövlət müstəqilliyini qazanandan sonra səriştəsiz, bacarıqsız şəxslərin rəhbər vəzifələrə gəlməsi səbəbindən ölkədə vəziyyət xeyli gərginləşmiş, xaos yaranmış, özbaşınalıq baş alıb gedib. Tarixi düşmənlərimiz bu vəziyyətdən istifadə edib yenidən milli dövlətçiliyimizi dağıtmağa, müstəqilliyimizi ləğv etməyə çalışmışdılar. Onlar məqsədlərinə çatmaq üçün dəfələrlə dövlət çevrilişləri törətmiş, qardaş qırğını salmışdılar.
Belə bir ağır vəziyyətdə Ulu Öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək yenidən siyasi hakimiyyətə qayıdışı bu dağıntının qarşısını aldı, xalqı da, milli dövlətçiliyi də xilas edib inkişaf yoluna çıxartdı. Bununla barışmaq istəməyən qara qüvvələr daxili düşmənlərin əlilə 1995-ci ilin mart ayının 14-17 tarixlərində Bakı şəhərində silahlı qiyam qaldırdılar. Belə bir vəziyyətdə xalqımızın mərd, igid oğulları heç bir qüvvədən çəkinmədən Ulu Öndər Heydər Əlıyevin ətrafında sıx birləşib milli dövlətçiliyimizin müdafiəsinə qalxdılar və düşməni məhv etdilər. Həmin hadisələr zamanı Əsgər Əliyev də qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir.
İcra başçısı Vətən və dövlət qarşısında əsil şücaət göstərmiş, canını fəda etmiş igidlər arasında lənkəranlı gənclərin də şərəfli yer tutduqlarını qeyd edərək 44 günlük Vətən müharibəsi zamanı onların bunu bir daha sübut etdiklərini xüsusi vurğulayaraq Milli Qəhrəmanın atasına oğlunun və bütün şəhidlərin qəhrəmanlığı ilə hər zaman qürur duyduqlarını, xatirələrini həmişə əziz tutacaqlarını bildirib. Tədbirdə çıxış edən Milli Qəhrəman atası Hacı Ələkbər Əliyev çıxış edib rayonda şəhidlərin və Milli Qəhrəmanların xatirəsinin yaşadılması, gənc nəslə örnək göstərilməsi ilə bağlı görülən işlərə, şəhid və Milli Qəhrəman ailələrinə göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını ünvanlayıb. Sonda İcra başçısı Milli Qəhrəmanın doğmaları və tədbir iştirakçıları ilə birgə xatirə şəkilləri çəkdirib.