Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 3 mart tarixində imzaladığı sərəncamla Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
"Unikal"ın məlumatına görə, konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı digər işdən maaş alırsa, onun mandatına xitam verilir. Bu baxımdan, MSK-nın bu gün keçirilən iclasında Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib.
Bu qərar qəbul edildiyi gündən qüvvəyə minir.
Bununla, parlamentdə boş qalan deputat yerlərinin sayı 7-yə çatıb.
Qeyd edək ki, 2020-ci ilin fevralında baş tutmuş parlamentin növbədənkənar seçkilərindən sonra 4 dairə üzrə yerlər boş qalıb. Mərkəzi Seçki Komissiyası seçkilər nəticəsində baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi - (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi ( lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə).
Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov 2 il öncə dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb.
Bundan başqa, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində polisi döyən deputat Eldəniz Səlimova 3 il 6 ay müdətinə hökm oxunub. Bununla da onun deputat səlahiyyətlərinə xitam verilib.
Anar Kəlbiyev