Müdriklərdən biri deyib ki, qızmar günəş altında işləyənlərin kölgədə dincəlmək haqqı vardır. Zəhməti və yaradıcılığı ilə kamilləşən, 75 il şərəfli və mənalı ömür yaşayan pedaqoji elmlər doktoru, professor Mübariz Mirəziz oğlu Əmirov bu haqqı qazanan zəhmətsevər insanlardan biridir. O, qurub-yaratmaqdan, yazıb-pozmaqdan zövq almağı bacaran, əxlaqlı və fəzilətli bir alimdir. Namusla, vicdanla və əxlaqla işləyənləri Allah mükafatsız qoymur. İnsan üçün namuslu addan şərəfli heç nə ola bilməz ki, bunu da hər kəs öz ləyaqəti hesabına qazanır. Mübariz müəllimin mükafatı onun xoşbəxt ailəsi, cəmiyyətdə seçilib-sayılan övladları, dəyərli dostları, elmi-pedaqoji uğurları, el-obada hörmət və nüfuzudur. Onun cild-cild kitablara sığmayan elm yolu o qədər də rahat olmayıb, göy üzünə “daş atanlar” onun yoluna o qədər daş-kəsək atıblar ki... Amma o büdrəməyib, yıxılmayıb, ayaq üstə durmağı bacarıb, öz ləyaqətini qoruyub, bədxahların maneələrinə baxmayaraq yazıb-yaradıb, “sıxıldıqca”, “döyüldükcə” çiy kərpic kimi bişərək daha da möhkəmlənib, zəhməti və inadkarlığı hesabına şərəfli bir ömür yaşayıb.
Ömrünün bəlli bir yaşına çatan alimlər haqqında kitab yazmaq, xatirələr toplamaq son illərdə bir ənənə halını alıb. Hesab edirəm ki, Mübariz müəllimin özü bir kitabdır. Bu kitabı oxumağa dəyər. Zəhmət və ləyaqətlə yazılan bu kitabın hər səhifəsi əxlaq və fəzilətlə doludur. Mən onu çoxdan, o, Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda işləyəndən tanıyıram. Həmin illərdən 30 ildən artıq vaxt keçib, çox çaylar axıb, çox şey dəyişib, Mübariz müəllim elmin daşlı-kəsəkli yollarında inamla irəliləyib, elmlər namizədi, elmlər doktoru elmi dərəcələrinə, baş elmi işçi, dosent, professor elmi adlarına layiq görülüb, ümumtəhsil məktəblərində tarixin tədrisi metodikası ilə bağlı elmi məktəb yaradıb. Bu sahədə ən məhsuldar alim kimi ad-san qazanıb. Tanımış metodist-alim kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinə işə dəvət olunub. Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq xeyirxah əməlləri ilə seçilib, həmkarlarının uğurlarından zövq alıb, öz kimliyini və ləyaqətini qoruyub. M.Monten deyirdi ki, həqiqi ləyaqət çay kimidir-dərin olduqca daha lal axır.
Ləyaqətli bir insan haqqında kitab yazmağın özü də bir ləyaqət nümunəsidir. Mənə Mübariz müəllimin yubiley ilə bağlı xatirə yazmaq deyiləndə ilk ağlıma gələn fikir bu oldu: zəhməti və ləyaqəti ilə şərəfli tərcümeyi-hal yazan alim. Professor Mübariz Əmirovun tərcümeyi-halının bəzi anlarını birlikdə vərəqləyək. O, 15 mart 1947-ci ildə Dəvəçi (indiki Şabran) rayonunda ziyalı ailəsində anadan olub. 1954-1965-ci illərdə Dəvəçi şəhər 1 №-li orta məktəbində orta təhsil, 1969-1973-cü illərdə V.İ.Lenin adına ADPİ-nin Tarix fakültəsində ali təhsil alıb. 1973-1974-cü tədris ilində Dəvəçi rayonu Baş Əmirxanlı kənd orta məktəbində tarix müəllimi, eyni zamanda axşam fəhlə - gənclər orta məktəbinin direktoru, 1974-1975-ci tədris illərində Dəvəçi rayonu Surra kənd məktəbində direktor müavini işləyib. 1975-1978-ci illər-də Azərbaycan ETPEİ-nin əyani aspiranturasında (hüququn tədrisi metodikası ixtisası üzrə) təhsil alıb. 1978-1985-ci illərdə Azərbaycan ETPEİ-də kiçik elmi işçi işləyib. 1985-ci il mayın 5-də prof.Murtuz Ələsgərovun və prof.Əjdər Ağayevin rəhbərlikləri ilə Tbilisi Pedaqoji İnstitutunda “Hüquqi biliklərin verilməsi prosesində şagirdlərin müstəqil işlərinin təşkili” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1985-1999-cu illərdə Azərb.ETPEİ-nin (indiki Təhsil İnstitutu) Tarix -coğrafiya və hüququn tədrisi metodikası şöbəsinə rəhbərlik edib. 1986-2014-cü illərdə ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının dosenti olub. 2008- ci ildə “Tarixin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması üzrə işin sistemi” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi alıb. 2014-cü ildən həmin kafedranın professorudur.
O, Tarix və coğrafiya fakültəsinin Tədris Metodiki Şuranın sədri, Fakültə elmi şurasının üzvüdür. ADPU-da fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü (2009-2016) və Dissertasiya Şurasının nəzdindəki elmi seminarın sədri (2014-2016) olub.
“Tarix, insan və cəmiyyət fənlərinin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması” (1994), “İnsan və cəmiyyət” (1994), “Azərbaycan Respublikası Konstitusiyasının əsasları” (şərikli) (2002), “İnsan hüquqlarının tədrisi” (2003), “Tarixin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması üzrə işin sistemi” (2004), “Orta məktəbdə tarixin tədrisinin aktual problemləri” (2009), “İnsan və cəmiyyət” (2010), “Orta məktəbdə tarixin fəal/interaktiv təlimi metodikası” (2011) dərslik və dərs vəsaitlərinin, 200-dən çox jurnal və qəzet məqaləsinin müəllifidir. O, çoxsaylı beynəlxalq seminar, simpozium və konfransların iştirakçısı olmuşdur. Onun elmi rəhbərliyi ilə 5 nəfər pedaqogika üzrə fəlsəfə doktoru yetişmişdir.
Xoşbəxtikdən tale elə gətirib ki, professor Mübariz Əmirovla, 2 il bir yerdə işləməli olmuşam. Mənim təklifimlə o, ADPU-nun nəzdindəki Dissertasiya Şurasının nəzdindəki elmi seminarın sədri təyin olunub, 2 il bu vəzifədə uğurla çalışıb və neçə-neçə dissertasiya işinin müzakirəsini keçirib. Elmə, təhsilə, insanlara, insanlığa xidmət edib, xeyirə imza atıb. Onda mən dissertasiya Şurasına rəhbərlik edirdim. Prinsipiallıq, obyektivlik, tələbkarlıq və xeyirxahlıq bizim iş prinsipimiz idi. Bu tələbkarlığın nəticəsi idi ki, həmin dövrdə müdafiə olunan bütün dissertasiya işləri Azərbaycan Respublikası Prezidenti yanında AAK tərəfindən təsdiq olunub.
Mübariz müəllim həm də ünsiyyətli, səxavətli və sədaqətli insandır. Buddanın maraqlı bir deyimi var: “Ana öz uşağının üstündə necə əsirsə, biz də öz dostlarımız üçün o cür əsməliyik”.
Yaxşı yadımdadır, iki il əvvəl Akif Abbasov, Hümeyir Əhmədov, İlham Cavadov və Mübariz müəllimlə birlikdə Şabranın Əmirxanlı kəndinə dostumuz Faiq Şahbazlının atasının 40 mərasiminə getmişdik. Mərasim başa çatandan sonra Mübariz müəllim bizi rayonda tikdirdiyi evinə apardı. Ev böyük olmasa da, demək olar ki, şəhər evlərindən yalnız həyətinə, bağına-bağçasına, gülünə-çiçəyinə görə fərqlənirdi, bütün şəraiti var idi. Evin içərisində və həyətində Mübariz müəllimin öz əli ilə yaratdığı səliqə-sahman və gözəlliklər bizi heyran etdi. Bizə çəkdiyi əziyyətə görə ona təşəkkür edəndə Mübariz müəllimin dediyi bir sözü indi də xatırlayıram: ”Qonaq evə bərəkət, ruzi, sevinc və dostluq gətirir”.
İnsanın dəyəri onun zəhməti iləölçülür. Bu mənada əbəs yerə demirlər ki, hər bir insan öz uğurunun memarıdır. 75 illik mənalı, şərəfli və uğurlu həyat yolunun memarı olan dostumuz, professor Mübariz Mirəziz oğlu Əmirovu təbrik edir, möhkəm cansağlığı, nəvə-nəticə sevinci, yaradıcılıq uğurları, bol ruzi arzulayıram.
Fərrux Rüstəmov,
ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü