Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib.
"Unikal" xəbər verir ki, bu Qərar 2022/2023-cü tədris ilindən tətbiq edilir.
Hazırda istifadədə olan geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə bilər.
Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri dövlət ümumi təhsil müəssisəsi (bundan sonra – məktəb) təhsilalanlarının geyim formalarının təsvirlərini müəyyən edir. Bu Sənəd xüsusi təyinatlı dövlət ümumi təhsil müəssisələrinin təhsilalanlarına şamil edilmir. Təhsilalanlar məktəbdə və təntənəli məktəb tədbirləri ilə bağlı məktəbdən kənarda olduqları müddətdə bu Sənədlə müəyyən edilmiş geyim formalarını geyinirlər. Geyim forması müəyyən edilmiş təsvirlərə uyğun olmalıdır. Geyim formaları təbii və keyfiyyətli (möhkəmlilik və davamlılıq xüsusiyyətləri, habelə aşınma müqaviməti olan, qırışlar yaratmayan, yuyulduqdan sonra ölçüləri dəyişməyən, rəngi solma- yan və qarışmayan, təri yaxşı qəbul edən, spesifik qoxusu olmayan, sürtünmə nəticəsində elektrikləşməyən) parçalardan tikilməli, təhsilalanların sağlamlığına mənfi təsir göstərməməlidir. Təhsilalanlar üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılmalıdır. Geyim formasının üzərində (ön tərəfinin sol yuxarı hissəsində və ya sol qol hissəsinin yuxarı kənar tərəfində) məktəbin emblemi əks oluna bilər. Təhsilalanlar geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilirlər. Bu Sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət edilməsinə məktəbin rəhbərliyi nəzarət edir.
Təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:
- qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və
ətək;
- oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və
şalvar;
- qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket;
- oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.
Təhsilalanların geyim formalarının təsviri:
- oğlanlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir. Şalvara kəmər tətbiq edilir. Kəmər üçün ön hissədə iki, yanda iki və arxada iki ədəd körpücük tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan hər iki tərəfdən adi kiçik düymə ilə düymələnən kəsmə cibləri vardır. Şalvar ön hissədən kəmərdə qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanılır;
- qızlar üçün ətək - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi- yaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir. Ətəyin uzunluğu diz xəttindən aşağı olmalıdır. Çoxsaylı şaquli qırçınlı ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətək kəmərli və ya rezinli olur. Kəmərli ətəkdə yan hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır. Kəmərə öndə iki və arxada iki ədəd körpücük tikilir. Yarımdairə klyoş ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətək kəmərli və ya rezinli olur. Kəmərli ətəkdə yan hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır. Kəmərə öndə iki və arxada iki ədəd körpücük tikilir. Trapesiyaşəkilli ətəyin arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Ətək kəmərli olur. Kəmərə öndə iki və arxada iki ədəd körpücük tikilir. Ətəyin sağ yanda kəmər hissədə bağlanma yeri adi kiçik düymə və ya zəncirbəndlə bağlanılır;
- qızlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi- yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir. Şalvara kəmər tətbiq edilir. Kəmər üçün ön hissədə iki, yanda iki və arxada iki ədəd körpücük tikilir. Şalvarın kəsmə yan cibləri və arxadan bir tərəfdən adi kiçik düymə ilə düymələnən kəsmə cibi vardır. Şalvar ön və ya yan hissədən kəmərdə qarmaq, adi kiçik düymə və zəncirbəndlə bağlanılır;
köynək:
- qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir. Köynəyin üçdüyməli düymə plankası, manjetlər və ətək hissəsi ikiqat tikişlə tikilir;
- uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir. Köynəyin forması polo tiplidir. Köynəyin üçdüyməli düymə plankası, manjetlər və ətək hissəsi ikiqat tikişlə tikilir;
- önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir. Jaket birbortludur, bort zəncirbəndlə açılıb- bağlanılır, arxası bütövdür. Kəsmə yan cibi, yaxalığı, ətəyi və qol manjetləri ikiqat toxunuşludur.
Məktəblər üçün bu Sənəddə nəzərdə tutulmuş 4 rəngdə geyim formasının nümunəsi təklif olunur. Məktəblərin sifarişi əsasında bu Sənədin 2.2-ci bəndində qeyd edilən rənglərdən və modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlana bilər. Hər məktəbdə yalnız bir geyim forması dəsti tətbiq edilir. Geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə ən geci martın 1-dək müəyyən olunur və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir.