“Mart ayının ikinci ongünlüyündə düşən intensiv yağışlar nəticəsində ölkənin bir çox bölgəsində çaylarda sululuğun artması müşahidə olunub".
"Unikal" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidromotologiya xidmətinin rəis müavini Rafiq Verdiyev deyib. Onun sözlərinə görə, bu, Kürün aşağı axınında çayların sululuğun yüksəlməsinə və suyun səviyyəsinin, su sərfinin artmasına şərait yaradıb.
"Martın əvvəllərində Kürdə su sərfi 30 kubmetr saniyədən aşağı idisə indi artıq su sərfi 100 kubmetr saniyədir. Bu da çayda yaranmış duzluluqla bağlı problemin xeyli azalmasına səbəb olub. Martın birinci yarısında güclü küləklər və dənizdə olan dalğalanmalar nəticəsində duzlu suların Kür boyu hərəkət edərək Salyan şəhəri və hətta ondan yuxarıda duzluluğun 0,6-0,7 qram litrdən daha yüksək olmasına səbəb olub. Hətta Salyandan aşağıda 7-8 qrama qədər yüksəlməsinə gətirib çıxarıb. İndi isə yağıntıların artması bu prosesin azalmasına səbəb olub. Kürdə suyun artması nəticəsində çayın sürəti də artmış və duzlu sular artıq geri – dənizə doğru hərəkət etməklə çayda suyun duzluluğu xeyli azalıb. Demək olar ki, Kürün aşağı hissəsində duzluluq 1 qram litr səviyyəsindədir ki, bu da su təchizatında yaranan problemin aradan qaldırılmasında yaxşı şərait yaradıb.
Yaxın aylarda əlbəttə ki, düşən yağışlar nəticəsində çaylarda bu problem üçün o qədər də zəmin yaratmayacaq. Ancaq iyul-avqust aylarında çaylarda suyun azalması nəticəsində problem yenidən təkrar oluna bilər. Odur ki, buna hazırlıqlı olmalıyıq, sudan qənaətə geniş yer verilməli və itkilərin qarşısı alınmalıdır. Kür çayının aşağı axınında çaydan götürülən suyun miqdarı kifayət qədər az olsun ki, bu kimi problemlər daha da kəskinləşməsin”.