Arif Əsgərovun istefasının şok detalları


İdarə rəisi səhhəti ilə bağlı ərizə yazıb; o ciddi qan xəstəliyindən əziyyət çəkir

Məşhur iş adamı «dəmiryol şefi» olur

«Azərbaycan Dəmiryolları»Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyində dəyişiklik olub. Belə ki, qurumun rəhbəri Arif Əsgərov gözlənilmədən vəzifəsindən uzaqlaşdırılır. Bu barədə dünən qəzetimizə etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Əsgərovun görəvindən kənarlaşdırılmasını ona yaxın olan adamlar səhmdar cəmiyyət sədrinin səhhəti ilə əlaqələndirirlər. Bildirilir ki, o, ciddi qan xəstəliyindən əziyyət çəkir və bu səbəbdən görəvini tərk edib artıq sağlamlığı ilə məşğul olmaq niyyətindədir.

Əslində isə onun vəzifədən atılması dəmiryol sistemində korrupsiyanın dərin kök salması, maliyyə şəffaflığının olmaması üzündən külli miqdarda vəsaitlərin zaman-zaman mənimsənildiyi yönündə iddiaların ortaya çıxması, şübhələrin dolaşması ilə əlaqədardır.

Maraqlıdır ki, artıq Arif Əsgərovun yerinə təyin edildiyi bildirilən şəxs də korrupsiya sarıdan heç də təmiz reputasiyaya malik deyil - belə ki, yeni «dəmiryol şefi» olacaq məşhur iş adamı, «Hafka» ləqəbli Hafiz Məmmədovu artıq Nəqliyyat Nazirliyində ciddi söz sahiblərindən biri kimi təqdim etmək olar. Adı indiyədək çeşidli qaranlıq məsələlərdə - prezidenti olduğu «Bakı» futbol klubu vasitəsilə çirkli pulların yuyulmasında, gizli neft biznesində və s. hallandırılan Hafiz Məmmədov indi kifayət qədər gəlirli və strateji bir sahəyə rəhbərlik ediləcək yüksək vəzifəli dövlət məmuru olacaq.

Bizə çatan bilgilərdə «Azərbaycan Dəmiryolları»Qapalı Səhmdar Cəmiyyətindəki qəfil və yetərincə maraq doğuran rəhbər dəyişikliyinin rəsmi olaraq yaxın bir neçə gündə açıqlanacağı gözlənilir. (“Unikal” qəzeti)