"Bayram günləri olmasına baxmayaraq iş başındayıq, yerlərdə sahibkarlarla, həmçinin də sakinlərlə görüşlərimizi davam etdiririk. Onları maraqlandıran sualları cavablandırır və lazımi dəstəyi veririk".
"Unikal" xəbər verir ki, bu sözləri "Azəriqaz" İstehsalat Birliyinin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev Qaradağ rayonu, Lökbatan qəsəbəsində sahibkarlarla keçirilən görüş zamanı bildirib.
Birliyin müvafiq struktur rəhbərləri sahibkarları narahat edən məsələləri yerindəcə dinləməkdən ötrü görüşdə iştirak ediblər. Sahibkarların problem və təkliflərini səsləndirmələri üçün "Səyyar qəbul otağı! onların ixtiyarında olub. Çıxış edənlər qaz təchizatı ilə bağlı heç bir problemin olmadığını bildiriblər. Sahibkarlar vətəndaşların qaz təsərrüfatına dair problemlərinin birbaşa Birlik rəhbərliyinə çatdırılması üçün yaradılan bu cür şəraitə görə Birliyin baş direktoruna təşəkkür ediblər. Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən bu görüşlərin artıq bir ənənəyə çevrildiyini vurğulayıb. Şöbə rəisi Qaradağ sahibkarları ilə keçirilən bu görüşün ümumilikdə 48-ci, sahibkarlarla isə 24-cü görüş olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Məlumat üçün bildirək ki, bütün ölkə ərazisini əhatə edən “Açıq mikrofon” aksiyası bundan sonra da vətəndaşların ixtiyarında olacaq. "Səyyar qəbul otağı" vətəndaşların qaz təchizatı ilə bağlı yaranan suallarına yerindəcə aydınlıq gətirilməsinə və nəzarətə götürülməsinə xidmət edir.