Goranboyun icra başçısına ağır ittihamlar
11:05 22-02-2013
İQTİSADİYYAT
Nizaməddin Quliyev nə işlə məşğuldur?
Son illərin müşahidələrinə görə, rayonlara rəhbər təyin olunan yeni icra başçıları adətən özlərini yuxarılara göstərmək üçün birinci iş günündən bu üsula əl atırlar: rayon mərkəzindən keçən asfalt yolları təzələmək, yolların kənarına daş hasarlar çəkmək, park salmaq.., bir sözlə, gözdən pərdə asmaq üçün kosmetik abadlıq-təmir işləri aparırlar... Halbuki, o rayonun illərdir üst-üstə yığılıb qalan elə köklü problemləri var ki, onların uzun müddətdir həll olunmaması sonda sosial partlayış təhlükəsinə gətirib çıxarır. Necə ki, bunu Qubada, İsmayıllıda gördük...
Azərbaycanda İcra hakimiyyətlərinin başçılarını nahaq yerə “regionların kiçik padşahları” adlandırmırlar. Rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti dəfələrlə ölkə rəhbərliyi tərəfindən də ciddi tənqidlərə məruz qalıb. Prezident İlham Əliyevin son toplantıda icra başçılarının ünvanına ciddi iradlar bildirməsi bəzi məmurların bölgələrdə “padşahlıq” etdiyini bir daha təsdiqlədi.
Bir daha təsdiqləndi ki, ölkə başçısının etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan
vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, vətəndaşları incitməkdən çəkinmirlər.
Bir sözlə, vəzifəyə təyin olunandan bir müddət sonra yerlərini bərkidən kimi başlayırlar rayonda fironluq etməyə. Belə hallarda əyalətlərdə rüşvət, korrupsiya, məmur özbaşınalıqları və bundan doğan müxtəlif cinayətlər vüsət almağa başlayır.
Dünən modern.az saytı qanunlara, vətəndaşların problemlərinə ögey, yuxarıdan aşağı münasibəti ilə seçilən Goranboyun icra başçısı haqqında ilginc ittihamları ümumiləşdirib. Maraq doğuracağını nəzərə alıb onlardan bəzilərini sizinlə bölüşürük.
N.Quliyevin adı rayonda zavod və bir sıra strateji əhəmiyyətli dövlət müəsisələrini talan etməklə onların bir hissəsini özünün müasir tipli şəxsi fermalarına çevirməkdə də hallanır. Onun dövlətə məxsus 200 hektar torpaqda hər il taxıl əkdirdiyi və burdan gələn gəlirin öz cibinə getdiyi də bildirilir.
İcra başçısı haqqında mətbuatda yayılan məlumatlardan birində qeyd edilir ki, onun qoyun sürülərinin otarılması üçün rayon sakinlərinin əkin sahələrinə əl qoyulub. Hətta buna görə, icra başçısının işlərini görən adamları ilə kəndlilər arasında toqquşmanın da baş verdiyi vurğulanır. Məlumatlara görə, sakinlər yay aylarından başlayan koflikti aradan qaldırmaq üçün dəfələrlə icra başçısının qəbuluna düşmək istəyiblər. Lakin hər dəfə onları qapıdan buraxmayaraq, yola salıblar. Ötən ilin avqustunda rayon mərkəzində aksiya keçirmək niyyətində olduqlarını açıqladıqdan sonra isə Nizaməddin Quliyev kəndlilərin yanına öz adamını göndərərək, sakitləşmələrini istəyib. Və bildirib ki, tezliklə yaranmış vəziyyəti yoluna qoyacaq. Amma bu vədin üzərindən 10 gün keçməmiş yenidən kəndlilərin əkin sahələrinə hücum çəkiblər. Həmçinin dərc olunan məlumatlarda vurğulanır ki, Goranboyun icra başçısı vəziyyəti belə gördükdən sonra etiraz edənləri həbs etdirəcəyi ilə hədələyib. O da vurğulanır ki, Nizaməddin Quliyevin 30 min başa yaxın qoyunu var. Onların otarılması üçün isə geniş ərazilər lazımdır. Elə bu səbəbdən də o, kəndlilərin “çörək təknələrini” ələ keçirməyə başlayıb.
Nizaməddin Quliyev haqqında yayılan daha bir ittiham isə onun sahibkarları susdurmaq üçün şantaj etməsi göstərilir. Yazılanlara görə, icra başçısı onun əməllərinə etiraz edən sahibkarları müxalifətçi adı ilə şantaj edir. Guya, onlar müxalifətə, xüsusilə də AXCP və Musavat partiyalarına maliyyə yardımı edirlər. Nizaməddin Quliyevin şantajına məruz qalan sahibkarlar bildirirlər ki, bu yolla icra başçısı onları soyğuna məruz qoyub. Qeyd olunur ki, Nizaməddin Quliyevə hər ay rayonda fəaliyyət göstərən obyektlərindən pay çatmadığı təqdirdə sahibkarlara qarşı bu vasitələrdən istifadə olunur.
Nizaməddin Quliyevin rayona icra başçısı təyin edildiyi gündən Goranboy meşələrini “soyqırıma” məruz qoyması xəbərləri də onun mətbuatda işıqlandırılan “fəaliyyətləri”ndəndir.
Mətbuatda yazılanlara görə, Nizaməddin Quliyev Aşağı Ağcakənd yaşayış massivində Xocalı qaçqınları üçün tikilmiş evlərin bir neçəsini sökdürüb orada özü üçün villa tikdirib. Mediada rayon üzrə bələdiyyələrin inkişafı və əhalinin sosial rifah halının yaxşılaşması üçün dövlət tərəfindən ayrılmış külli miqdarda vəsaitin, mərkəzi stadionun təmirinə xərclənməli olan pulun da talan edildiyi iddia olunub. O da qeyd edilir ki, Mərkəzi Xəstəxananın istilik qazanxana sisteminin əsaslı təmiri və yenidən qurulması üçün dövlət tərəfindən ayrılmış vəsait heç bir iş görülmədən mənimsənilib.
Bunlar Goranboyun icra başçısına qarşı ittihamların kiçik bir hissəsidir. Onların hamısına yer ayırmağa isə nəinki bir qəzet səhifəsi, hətta bir neçə qəzet nömrəsi də kifayət etməz.
Yuxarıda göstərilən ittihamlara başqa şərh vermək isə yəqin artıqdır. Son sözü qoy oxucular özləri desinlər.
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35