"Vaxtında doğulmuşların təqribən yarısında, vaxtından erkən doğulmuşların isə 70-80 faizində sarılıq görülə bilər. Bu əlamətin hansı səbəbdən yaranmasını həkimlər diqqətdə saxlamalı və ailələri bilgiləndirməlidir".
"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Aygün Rüstəmxanlı deyib. Onun sözlərinə görə, sarılığın intensivliyinin və miqdarının qiymətləndirilməsi gözlə görünən dəri səthinin sarı rəng almasına deyil, qandan götürülmüş nümunədə bilirubin adlanan dəyərin miqdarına əsaslanmalıdır:
“Yenidoğulmuşların fizioloji xüsusiyyətləri onlarda sarılıqların fərqli şəkildə seyr edilməsinə səbəb ola bilər. Sağlam yenidoğulmuş yetkin insana nisbətən daha cox sayda eritrosit dediyimiz qırmızı qan hüceyrələrinə sahibdir ki, günbəgün həmin eritrositlərin sayının azalması və ya parçalanması baş verir. Bunun nəticəsində sarılığın göstəricisi olan sərbəstləşmiş bilirubin qanda artacaq. Məsələn, yetkin insanda eritrositin ömrü 120 gün, vaxtında doğulmuş yenidoğulanda 50-90 gün, vaxtından erkən doğulmuşda isə 40-60 gündür”.
Həkim əlavə edib ki, yenidoğulmuşda bilirubinin bağırsaqda yenidən toksik bilirubinə çevrilməsi ücün zəmin yaradan xüsusi enzimlərin miqdarı yüksəkdir:
“Beləliklə, bilirubin bağırsaqdan xaric olmaq imkanı tapmadan, xüsusi maddələr tərəfindən yenidən toksik formaya keçərək qaraciyər və qanda dövr edir. Bu səbəbdən sarılığın həm qan təhlilləri, həm də dəridə artımını müşahidə edə bilərik. Bu, fizioloji və keçici dövr müxtəlif infeksiyalara bağlı xəstəliklərdə, dərman müalicəsi alanlarda, düzgün və yetərli qidalandırılmayan körpələrdə, vaxtından erkən doğulmuşlarda daha uzun və dəyişkən ola bilər .
A.Rüstəmxanlı qeyd edib ki, ana və uşaq arasında olan qan qrupu, rezus uyğunsuzluğu yenidoğulmuşda qan parçalanmasına, yəni bilirubin artımına səbəb ola bildiyi kimi, bətndaxili infeksiyalar zəminində yaranmış qan parçalanması, yenidoğulmuş xolestazı, yenidoğulmuşun sidik yolu infeksiyası, mümkün ola biləcək hər hansı mexaniki proseslər, inkişaf qüsurları, irsi və metobolik, endokrin xəstəliklər də yenidoğulmuşda sarılıq meydana çıxara bilər:
“Yenidoğulmuşlarda bəzi laborator və kliniki əlamətlər olduqda, pataloji sarılıq ehtimalıyla bağlı gərəkli yanaşma planı tərtib edilərək, geniş müayinələr aparılmalıdır” – həkim əlavə edib.