Son vaxtlar Ermənistan silahlı qüvvələri yenidən sərhədboyu ərazilərdə təxribatlar törətməyə başlayıblar. Söz yox ki, rəşadətli ordumuz tərəfindən dərhal susdurulurlar. Lakin buna baxmayaraq, revanşistlər öz çirkin məqsədlərinə çatmaq üçün atəşkəsi pozmaqda davam edir və beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərində məqsədli şəkildə təxribatlar törədirlər. Görünür, hələ də acınacaqlı məğlubiyyətlə barışmaq istəmirlər. Fakt isə faktlığında qalır. Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğalçı Ermənistan silahlı qüvvələrini darmadağın etdi və torpaqlarımız düşməndən azad olundu.
Bu fikirləri "Unikal"a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.
Komitə sədri bildirib ki, rəsmi İrəvanın riyakar siyasəti öz başında çatlayacaq. Çünki Ermənistanın baş naziri ölkədaxili yığıncaqlardakı çıxışları zamanı sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirir, ancaq digər tərəfdən isə işğaldan azad edilmiş Azərbaycan ərazilərində təxribatları davam etdirirlər. Halbuki, Ermənistan tərəfi 2020-ci noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla üzərinə müəyyən öhdəliklər götürüb. Ermənistan tərəfi üç ölkənin dövlət başçısının imzaladığı bəyanatda qarşıya qoyulan vəzifələri yerinə yetirmək məcburiyyətindədir. Həmin Bəyanatı imzalayan tərəflərdən biri də Ermənistanın indiki baş naziri Nikol Paşinyanın özü olub.
Hüquq müdafiəçisi bildirib ki, Vətən müharibəsindəki tarixi qələbədən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratdı. Artıq beynəlxalq aləm də bu reallıqları qəbul edib. Ancaq Ermənistandakı revanşistlər bu reallıqlarla barışmaq istəmir. Ancaq reallıqları qəbul etməlidirlər. Ayrı yolları da yoxdur. Çünki nə vaxtsa baş qaldırsalar, başları üzərində “dəmir yumruğ” u görəcəklər. Düşmən ölkənin siyasi və hərbi rəhbərliyi unutmamalıdır ki, Azərbaycan Ordusu 44 günlük müharibə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad etdi və düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu: “Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Azərbaycan Ordusu Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən çox kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Bu rüsvayçı məğlubiyyətdən sonra düşmənin yenidən baş qaldırmağa cəhd etməsi ona baha baş gələcək”.
Ç.Qənizadə bildirib ki, Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar vəziyyəti getdikcə ağırlaşdırır. İşğaldan azad edilmiş ərazilərdə yenidən atəşkəs rejiminin pozulmasına cəhd etmə düşmənə heç bir uğur gətirməyəcək.
Hüquq müdafiəçisinin sözlərinə görə, düşmən öz ordusunu Azərbaycan ərazilərindən tamamilə çıxarmalıdır. Əks-təqdirdə yenə də “dəmir yumruq”la qarşılaşmalı olacaq: “Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsi növbəti tarixi qələbədir. Bu torpaqlar Azərbaycanın əzəli əraziləridir və bundan sonra da bütün o torpaqlar Azərbaycanın nəzarəti altında olacaq”. Komitə sədri dövlətimizin başçısının “Nəyi, nə vaxt, necə edəcəyi” sözlərini xatırladaraq deyib ki, zaman keçdikcə xalqımız bunun canlı şahidi olur. Dövlətimizin başçımızın uğurlu daxili və xarici siyasəti, ordu quruculuğuna verdiyi xüsusi önəm ölkəmizin dünya birliyindəki reytinqini daha da yüksəldir. Uğurlu diplomatik-siyasi fəaliyyətin nəticəsi Fərrux kəndinin də Azərbaycanın tam nəzarəti altına keçməsində özünü büruzə verdi.
Ç.Qənizadə dövlətimizin başçımızın “Biz işğaldan azad etdiyimiz torpaqlarda daim yaşayacağıq. Biz buranı cənnətə çevirəcəyik” fikrini xatırladaraq bildirib ki, bütün bunlar düşmənə və onun havadarlarına, həmçinin dünya birliyinə çox önəmli mesajlardır: “Hazırda Qarabağda genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri geniş vüsət alıb. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun qurulması, vacib kommunikasiya xətlərinin bərpası, yolların və tunellərin tikintisi, inzibati və yaşayın binalarının inşa olunması beynəlxalq aləmdə də diqqətlə izlənilir. Bütün bunlardan Ermənistan da faydalana bilər. Yalnız sülh sazişini imzalamaqla. Yoxsa, Ermənistan əvvəlki illərdə olduğu kimi, yenə də bütün layihələrdən kənarda qalacaq. Bu da onsuz da ağır olan ölkədaxili vəziyyəti uçuruma daha da yaxınlaşdıracaq. Vəziyyətdən çıxış yolu yalnız sülh sazişini imzalamaq və təxribatlara son qoymaqdır”.