Dövlət Gömrük Komitəsi (DGK) ekoloji təmiz avtomobillərin idxalının gömrük yığımları və rüsumlardan tam azad edilməsi üçün müvafiq sənədləri hökumətə təqdim edib.
"Unikal"ın məlumatına görə, bunu DGK-nin nümayəndəsi Tariyel Alverdiyev "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" adlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2022-ci ildən Azərbaycana elektromobillərin idxalı əlavə dəyər vergisindən azad edilib. Bundan başqa, daxili bazarda da elektromobil satışları ƏDV-dən azad edilib.
"Azərbaycanda üç min kub santimetrdən çox mühərrik həcmi olan avtomobillərin idxalının azaldılması məqsədilə onların idxalına gömrük rüsumları artırılıb. İlin əvvəlindən Azərbaycana bu avtomobillər gətirilməyib", - T.Alverdiyev deyib.
Eyni zamanda o əlavə edib ki, bu ilin əvvəlindən Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 1 300 ədəd çox hibrid avtomobil idxal edilib.