Vətəndaş müraciətlərinə baxılması və qaldırılan məsələlərin həssaslıqla araşdırılaraq həllindən ötrü operativ tədbirlərin görülməsi ilə bağlı ölkə Prezidentinin tövsiyə və tapşırıqlarndan irəli gələn vəzifələri əldə rəhbər tutan Lənkəran ŞİH başçısı Taleh Qaraşov sözügedən sahədə işin daha da yaxşılaşdırılmasında mühüm əhəmiyyəti olan səyyar qəbul-görüşlərə diqqəti bir daha artırıb.
"Unikal" xəbər verir ki, pandemiya qadağaları aradan qalxandan sonra İcra başçısı artıq rayonun müxtəlif yaşayış məntəqələrində əhalinin razılığına səbəb olan və vaxtı qabaqcadan elan olunan səyyar qəbul-görüşlər keçirərək sakinləri diqqətlə dinləyib real vəziyyətlə yerindəcə tanış olub.
Bu səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən irəli sürülən təkliflər dərhal qeydiyyata götürülüb, bir sıra məsələlər yerindəcə həll olunub, həlli vaxt tələb edən məsələlərlə bağlı aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib. Səyyar qəbullarını davam etdirən İcra başçısı növbəti qəbul-görüşünü 29 mart 2022-ci il tarixdə rayonun iri yaşayış məntəqələri olan Gərmətük qəsəbəsi və Velədi kəndi sakinləri ilə keçirib. Qəbul-görüşdə İcra başçısı ilə birlikdə rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri iştirak edib. İcra baçısı qəbul-görüşdə çıxış edib son illərdə Gərmətük qəsəbə inzibati ərazi dairəsinin sosial-iqtisadi inkişafı sahəsində görülən işləri bir daha diqqətə çatdıraraq bunların hər birinin ölkə Prezidentinin diqqət və qayğısı ilə başa gəldiyini, məhz bu işlər sayəsində sakinlərin maddi-məişət şəraitinin, xüsusilə infrastrukturun yüksək səviyyədə yaxşılaşdığını qeyd edib. İcra başçısının səyyar qəbulundan razılıqlarını ifadə edən sakinlər çıxış edib dünyada və bölgədə baş verən hadisələrə münasibət bildirib dövlət başçısının bu sahədə həyata keçirdiyi uğurlu siyasəti ürəkdən bəyəndiklərini, xüsusilə Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərində həyata keçirilən tikinti-quruculuq işlərindən və Milli Ordumuzun separatçı erməni quldur dəstələrinə endirdiyi sarsıdıcı zərbələrdən sevinc hissi keçirdiklərini vurğulayıb müraciətlərinə göstərilən həssas münasibətə, davamlı qayğıya və əvvəlki qəbul-görüşlər zamanı qaldırılan məsələlərin həllinə, xüsusilə magistral yollarla yanaşı daxili yolların da asfaltlanmasına, küçələrin işıqlandırılmasına, ərazinin təbii qaz və içməli su ilə təmin olunmasına görə ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıqlar səsləndiriblər.