Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) digər sahələrlə yanaşı, fitosanitar nəzarətinə dair normativ tənzimləməni, həmçinin fitosanitar nəzarəti sahəsində dövlət siyasəti və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olmaqla, ölkədə bitki sağlamlığı sahəsində həyata keçirilən fəaliyyətlərin koordinasıyası, əməkdaşlığın təkmilləşdirilməsi və gücləndirilməsini hədəfləyir.
"Unikal" xəbər verir ki, bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) nəzdində ictmai əsaslarla “Bitki sağlamlığı üzrə ekspertlər klubu”nun yaradılması planlaşdırılır. Klub bitki sağlamlığı sahəsində çalışan eskpertlərin fəaliyyətinin əlaqələndirilməsi, aparılan elmi araşdırmaların koordinasiyası və ictimai müzakirələrin həyata keçirilməsi məqsədi daşıyır. Belə ki, dünyada bitki mənşəli zərərli orqanizmlərin, o cümlədən xüsusi təhlükəli bitki viruslarının yayılması bitkiçilik məhsullarının məhsuldarlığına və beynəlxalq ticarətinə ciddi təhdid yaradır. Ölkəmizdə də kənd təsərrüfatı, meşələr və digər ekoloji sistemlərdə çoxsaylı zərərli orqanizmlərin yayılması riski mövcuddur və bu risklərin aradan qaldırılması üçün ölkədə fəaliyyət göstərən qurum və mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsinə, mövcud resurslardan istifadənin optimallaşdırılmasına ehtiyac var. Bu baxımdan, sözügedən klubun təşkili ilə Azərbaycanda bitki sağlamlığı ilə bağlı bütün maraqlı tərəflərin və mütəxəssislərin koordinasiyalı fəaliyyətini təmin etmək, əməkdaşlığı inkişaf etdirmək, prioritet məsələlər üzrə müzakirələr üçün ümumi platforma yaratmaq nəzərdə tutulur.
Klub üzvləri qarşısında duran başlıca vəzifələr ölkənin bitki sağlamlığı sahəsində önəmli olan istiqamətlərin müəyyənləşdirilməsi, tətbiqi elmi tədqiqat və tərəfdaşlıq tədbirlərinin planlaşdırılması, zərərvericilərin risk təhlili, erkən aşkarlama üçün müşahidələrin planlaşdırılması, zərərvericilərlə mübarizəyə töhfə vermək olacaq. Eləcə də bitki sağlamlığının müxtəlif aspektləri üzrə gənc tədqiqatçılara təlimlərin, ixtisaslaşdırılmış kursların keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər sırasında bitki sağlamlığı sahəsində mövcud və hazırlanan qanunvericilik aktlarının ictimai müzakirəsinin təşkili, prioritet məsələlər üzrə tədqiqat layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi, əldə edilən elmi-tədqiqat və layihə nəticələrinin müzakirəsi yer alıb. Eyni zamanda Azərbaycanda nəşr olunmuş zərərli orqanizmlərlə bağlı elmi məlumatların toplanması, qiymətləndirilməsi və sistemləşdirilməklə məlumat bazasının yaradılması; ölkə üçün iqtisadi əhəmiyyətə malik kənd təsərrüfatı bitkilərində rast gəlinən zərərli orqanizmlər üzrə risk analizlərinin (ZRA) aparılması: zərərli orqanizmlərin diaqnostikası üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi, klub üzvlərinin iştirakı ilə müxtəlif seminar, təlim və konfransların təşkili kimi istiqamətlər nəzərdə tutulur.
Qeyd edilənlər nəzərə alınaraq, bitki sağlamlığı sahəsində fəaliyyət göstərən ekspertlər, alimlər, mütəxəssislər “Bitki sağlamlığı üzrə ekspertlər klubu”na üzvlüyə dəvət edilir. Kluba üzv olmaq istəyən ekspertlər müvafiq tələblərə uyğun olmalıdır. Belə ki, üzvlük üçün aqronomluq, biologiya və ya aqrokimya ixtisası üzrə ali təhsil, eyni zamanda bitki sağlamlığı sahəsi üzrə ən azı 5 il peşəkar təcrübə tələb olunur. “Bitki sağlamlığı üzrə ekspertlər klubu”na üzv olmaq istəyən şəxlər CV-lərini [email protected] ünvanına göndərə bilər.