Ağdamda işğaldan azad olunmuş ərazilərdə subartezian quyusu istifadəyə verilib, ümumilikdə 12 subartezian quyusunda təmir-bərpa işləri aparılıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, Azərbaycan Meliorasiya Su Təsərrüfatı ASC-nin tabeliyində olan Ağdam Mexaniki Suvarma İdarəsi tərəfindən Ağdam rayonunun işğaldan azad edilən ərazilərində plana uyğun olaraq subartezian quyularında təmir-bərpa işləri davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə növbəti subartezian quyusunun təmir-bərpadan sonra açılışı olub.
Bildirilib ki, bu günə qədər 12 subartezian quyusunda təmir-bərpa işləri aparılıb. Hazırda bərpa edilən subartezian quyusu saatda 120 kubmetr suçıxartma qabiliyyətinə malikdir ki, bu da 40 hektara qədər əkin sahəsinin suvarılması deməkdir. Bundan başqa əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafını şərtləndirmək məqsədi ilə yaxın zamanlarda işğaldan azad olunmuş ərazilərdə Xaçınçay və Ağdamkənd su anbarlarında təmir-bərpa işləri aparılacaq. Artıq bunu üçün layihə-smeta sənədləri də hazırlanıb.
Ağdam Mexaniki Suvarma İdarəsi tərəfindən torpaq kanalların lildən təmizlənməsi prosesi də daim diqqətdə saxlanılır. Kanalların təmizlənməsi nəticəsində su istifadəçilərinə verilən su sürətli və daha itkisiz çatdırılır. İdarə tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ilin əvvəlindən bu günə kimi 26 min 300 hektara yaxın sahədə suvarma işləri aparılıb. Bundan başqa müasir standartlara cavab verən subartezian quyularının 105-də Skada sistemi quraşdırılıb. Artıq Skada sisteminin quraşdırıldığı subartezian quyularına elektron sayğaclar da qoyulub.
Qeyd edək ki, Ağdam Mexaniki Suvarma İdarəsi rayonun 36 min hektardan artıq əkin sahəsinin suvarılmasını, eləcə də əhalinin içməli və təsərrüfat suyuna olan tələbatının ödənilməsini həyata keçirir. 31 min 560 hektar sahə subartezian quyuları, 4450 hektar sahə isə öz axımı və nasos stansiyaları vasitəsi ilə suvarılır. İdarənin balansında 986 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı, 236 hidrotexniki qurğu var.