"Hələ pandemiya dövrünün başlanğıcında, mart ayından başlayaraq Sizin tapşırığınızla bu proseslər əsasən, ərzaq məhsulları və digər defisit məhsullar, o cümlədən respublikanın dərmanlar və tibb ləvazimatları ilə təchiz olunması istiqamətlərində aparıldı".
"Unikal" xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib.
"İctimaiyyət də bilir, cənab Prezident, Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar qiymətlər, taxılın qiyməti ən pik həddə qaldırıldı. Söhbət ancaq heç qiymətdən də getmir. Söhbət ondan gedir ki, bu gün ərzaq taxılı idxal etməyin öz prosesi var. Siz dediyiniz kimi, Ukrayna və Rusiyanın dünya taxıl istehsalında aparıcı rollarını, Ukraynada bu il çətinliklər olacağını nəzərə alaraq bu ehtiyatları artırırıq. Bir məqamı da demək istəyirəm. Sizin tapşırığınızla yerli istehsal, idxaldan asılılığın azaldılması istiqamətində də konkret layihələr hazırlanır və burada foksda olan tədbirlər yaxın dövrdə təqdim olunacaq. Siz bu gün Qarabağda, işğaldan azad olunmuş ərazilərdə əkini dediniz və bizim digər böyük təsərrüfatlarda da bu iş gedir.
Cənab Prezident, Mikayıl Cabbarov dedi, hər məhsul üzrə monitorinq aparılır, əsasən də minimum istehlak bazarına daxil olan, əhali tərəfindən gündəlik istifadə olunan 12 əsas məhsulun həm qiymət baxımından, həm anbarlarda, respublikada olan ehtiyatlar baxımından günbəgün monitorinqi aparılır. Təbii olaraq, bu gün elə bir dövr gəlib ki, ölkələrin çoxu ancaq özlərinin təminatı ilə ilk prioritet edirlər. Bunları nəzərə alaraq, biz də, ilk növbədə, öz daxili ehtiyatlarımıza baxırıq. Əgər artıq yerli istehsal, planlar varsa, onlara ixrac verirlər və sahibkarların İqtisadiyyat Nazirliyinə müraciətinə əsasən beş gün ərzində operativ qaydada bunlara baxılır. Yəni, deyə bilərəm ki, bu gün Azərbaycanda əsas ərzaq məhsulları üzrə kifayət qədər ehtiyatlarımız var", - Baş nazir qeyd edib