Ukrayna işğalına görə dünyada reaksiyaların hədəfinə çevrilən Rusiya rəhbərliyindən olan önəmli adların övladları Qərb ölkələrində illərlə dəbdəbəli həyat sürüb, bahalı məktəblərdə oxuyublar.
"Unikal" Rusiya administrasiyasının aparıcı şəxslərinin övladlarının dəbdəbəli həyatını araşdırıb.
Rusiya administrasiyasının ən tanınmış simalarından olan Kremlin sözçüsü Dmtri Peskov həyat yoldaşı və iki uşağı ilə birlikdə “dövlət qulluqçusu maaşı ilə dəbdəbəli həyatı”na görə ABŞ sanksiyalarına məruz qalıb.
Peskovun əvvəlki nikahlardan olan övladları Qərbi Avropada böyüyüb. Peskovun Parisdə təhsil alan və sosial şəbəkədə fotoları ilə diqqət çəkən 24 yaşlı qızı Yelizaveta Peskova Parisdə anası ilə birlikdə 2 milyon dollar dəyərində lüks evdə yaşayır. O, əvvəllər Rusiya kanallarından birinə Avropada özünü daha rahat hiss etdiyini, Rusiya təhsil sisteminin çox pis olduğunu deyərək mübahisə yaradıb. Bir müddət Avropa Parlamentində təcrübə keçən Peskovanın bir müddət əvvəl İnstaqram hesabında “Müharibəyə yox” mesajı paylaşması diqqət çəkib.
Peskovun İngiltərədə böyüyən oğlu Nikolay Çoles şəxsi təyyarə səyahətləri, Moskvadakı bahalı evi və bahalı avtomobilləri ilə tanınır.
Rusiya diplomatiyasının bir nömrəli adı olan xarici işlər naziri Sergey Lavrovun qızı da London və Nyu-Yorkda təhsil alıb. Hazırda 39 yaşında olan Yekaterina Vinokurova London İqtisadiyyat Məktəbində təhsil aldıqdan sonra Nyu-Yorka köçüb.
Lavrovun sevgilisinin qızı Polina Kovalevanın Londonda 5,8 milyon dollarlıq evdə yaşadığı məlum olub.
Rusiya prezidenti Vladimir Putinin də ailəsi daha çox Qərb ölkələrində yaşayır. Putinin böyük qızı Mariya holland əri ilə birlikdə 3,3 milyon dollarlıq mənzildə yaşayır, kiçik qızı Katerina isə Fransada milyonluq evə sahibdir.
Putinin sevgilisi olduğu iddia edilən keçmiş gimnast Alina Kabayevanın İsveçrədə dəbdəbəli villasında uşaqları ilə birlikdə yaşayır. Onun bir müddət əvvəl Putindən gizləndiyi xəbəri mətbuatda öz əksini tapmışdı.
Kaliforniya Universitetində Rusiya üzrə ekspert Daniel Treisman, Rusiya liderlərinin Qərbi daim tənqid etdiyi halda, övladlarının Qərb ölkələrində dəbdəbəli yaşamasını “açıq ikiüzlülük” kimi qiymətləndirib.
Rusiya rəsmiləri və onların ailələrinin Qərblə əlaqələri də zaman-zaman Rusiya daxilində mübahisələrə səbəb olur. Rusiya məmurlarının azyaşlı uşaqlarının xaricdə təhsil almasını qadağan edən qanun layihəsi 2016-cı ildə Rusiya parlamentinin aşağı palatası Duma tərəfindən rədd edilib.
Gülayə Mecid