Azərbaycan Energetika Nazirliyinin 2020-ci il dekabrın 31-i tarixinə maliyyə hesabatları qurumun maliyyə vəziyyətini və əlaqəli dövr üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini tətbiq olunan qanunvericilik əsasında müəyyən edilmiş meyarlar üzrə əksər aspektlərdə düzgün əks etdirib.
"Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasının bülleteninin 2022-ci il üzrə birinci nömrəsində deyilir. Lakin palata öz rəyində qeyd edib ki, nazirlik tərəfindən 2020-ci il ərzində maliyyə əməliyyatları həyata keçirildiyi zaman şamil edilən qanunvericilik əsasında müəyyən edilmiş meyarlar ilə müqayisədə bəzi hallarda əhəmiyyətli uyğunsuzluqlar aşkar olunub.
Palata tərəfindən aparılan kənar dövlət maliyyə nəzarəti (KDMN) əsasında, əhəmiyyətli, lakin geniş yayılmamış və düzəldici tədbirlərlə qarşısı alına biləcək təhriflər müəyyən edilib və bu yekun olaraq şərti müsbət rəyin verilməsinə əsas olub. Bu təhriflər, əsasən, qeyri-maddi aktivlərin, ehtiyatların, torpaq, tikili və avadanlıqların, həmçinin sair əməliyyat xərclərinin uçotu zamanı bəzi hallarda yanlış yanaşmalarda istifadə edilməsi səbəbindən yaranmış uyğunsuzluqlardan əlaqəli olmaqla, yekunda maliyyə hesabatlarına əhəmiyyətli təsir göstərib.
Qeyd edilir ki, auditlə əhatə olunan maliyyə hesabatlarında təsbit edilmiş məlumatların digər əhəmiyyətli təhrifləri bir sıra hallarda müqavilə əsasında KDMN obyekti üçün göstərilmiş məsləhətçi xidmətlərinin təhvil-təsliminin rəsmiləşdirilməsinə və müvafiq ödənişlərin həyata keçirilməsinə baxmayaraq, Dövlət Xəzinadarlıq İdarəsi ilə müvafiq sənədləşmələrin vaxtında aparılmaması səbəbindən müvafiq əməliyyat xərclərinin uçotuna aid olub.
Bundan əlavə, nazirlikdə daxili nəzarət sisteminin yetərli dərəcədə adekvat olmaması səbəbindən fəaliyyəti çərçivəsində aparılmış əməliyyatlara şamil edilən qanunvericilik çərçivəsi və müvafiq huqüqi sənədlərin tələbləri ilə uyğunsuzluqlar müşahidə olunub.
"Bu sıradan cari il üzrə təsdiq edilmiş büdcə göstəricilərindən artıq xərclərin müvafiq sənədləşmə olmadan tanınması və növbəti ildə əlaqəli ödənişlərin həyata keçirilməsi, dövlət satınalmaları ilə bağlı prosedurlara dair tələblərin bəzi hallarda pozulması, yanacaq xərcləri və avtonəqliyyat vasitələrinin cari təmir xərcləri üzrə normalardan kənarlaşmalar xüsusi əhəmiyyət kəsb edən uyğunsuzluq halları kimi qiymətləndirilir", - Hesablama Palatasının bülletenində deyilir.
Qeyd edək ki, energetika naziri Pərviz Şahbazovdur.