Tarixin müxtəlif dövrlərində Azərbaycan dili müəyyən sınaqlarla üz-üzə qalıb. Azərbaycan dili belə bir çətin dövrlə ölkəmiz Sovetlət birliyinin tərkibində olduğu zaman, xüsusilə də 70-ci illərin ortalarında üzləşmişdi. Belə ki, SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında ana dili məsələsi yenidən gündəmə gətirilir, SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir dövrdə milli dil məsələsini gündəmə gətirmək və ana dilinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. İttifaq tərkibində olan respublika rəhbərləri milli dil məsələsini gündəmə gətirməkdən çəkinirdililər.
Lakin həmin dövrdə Azərbaycan Respublikasına rəhbərlik edən Ulu Öndər Heydər Əliyev ana dili məsələsinsə öz cəsarətli mövqeyini bildirmiş və bu istiqamətdə tarixi bir addım ataraq Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail olmuşdur. Belə ki, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyev 73-cü maddənin, “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” - redaksiyası formasında verilməsi təklifini irəli sürmüşdür. Ulu Öndər Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Həmin dövrdə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndər Heydər Əliyevin dönməz mübarizəsinin nəticəsidir. Bu işdə dahi şəxsiyyət bütün qüvvələri səfərbər edərək Azərbaycan ziyalılarını, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb etmişdi. Ulu Öndər Heydər Əliyev SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir, bu hüquq isə ana dilində oxumaq imkanı ilə təmin olunur. Məhz bu fikirləri ilə dahi şəxsiyyət ana dilinin dövlət dili statusunu qorumağa çalışmış və öz məqsədinə nail olmuşdu.
Müstəqillik dövründə də Azərbaycan dilinin inkişafına xüsusi həssaslıqla yanaşan Ulu Öndər Heydər Əliyev 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin məhz Azərbaycan dili adlandırılması təklifinin qəbul edilməsinə üstünlük verdi.
Ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Bundan başqa, 2001-ci il 9 avqustda Ulu Öndər “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalamış və bu Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
2002-ci il 30 sentyabr tarixində isə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, məhz bu Qanunla Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusu nizamlanır. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, ana dilində danışmağı ilə fəxr edir və ana dili hər bir millətin mənliyinin əsasıdır.
Azərbaycan dilinə bu gün də dövlətimiz tərəfində xüsusi diqqət və qayğı vardır. Belə ki, müasir Azərbaycan dilinin qloballaşan dünyada qorunub saxlanılması və davamlı inkişafı naminə ölkə başçısı cənab İlham Əliyev tərəfindən bir çox Fərman və Sərəncamlar verilmişdir. Bu isə cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi dəst xəttini və ideyalarını hər bir sahədə layiqincə yerinə yetirdiyinin göstəricisidir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri