Son dövrlər Azərbaycanda və xüsusən də paytaxt Bakıda xarici şirkətlərlə çalışan "Toyota Prius" markalı taksilərin sayı ciddi şəkildə artıb. Həmin şəxslər "Prius" markalı avtomobilləri gündəlik icarəyə götürdüyündən gün ərzində azı 14-15 saat dayanmadan işləmək məcburiyyətində qalırlar. Nəticədə isə taksi sürücüləri yuxusuz qalırlar və tez-tez "Prius"ların iştirakı ilə yol-nəqliyyat hadisələri baş verir. Həmçinin, sosial şəbəkələrdə yayılan videolara əsasən demək olar ki, xarici şirkətlərlə çalışan taksi sürücüləri arasında narkotik istifadəçilərinin sayı da az deyil. Qeyd edək ki, xarici şirkətlərdən qeydiyyatdan keçən zaman onlardan hər hansı sağlamlıq kağızı tələb olunmur.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən deputat Razi Nurullayev taksi sürücülərinin fəaliyyətinə nəzarət olunmasının və bunun beynəlxalq standartlara uyğun həyata keçirilməsinin Azərbaycanda taksi sürücülərinin sosial vəziyyətini ağırlaşdıracağını bildirib:
"Əgər biz istəyiriksə, beynəlxalq standartlara uyğun, tam rahat və təklükəsiz taksi xidmətindən istifadə edək, o zaman gərək çox baha qiymətə də harasa gedək. Belə olan halda isə hər kəs taksi xidmətindən istifadə edə bilməyəcək, çünki xidmət səviyyəsinin yüksək olması mütləq mənada qiymətə də təsir edir. Bu gün taksi xidməti on minlərlə insanın qazanc yeridir. Taksi sürücüləri bəzən 14-15 saata yaxın işləyirlər ki, ailələrinə çörək apara bilsinlər. Əgər biz taksilərə çox ciddi nəzarət etsək, bu zaman taksi sürücülərinin sayı çox azalacaq. Nəticədə, taksi xidməti cəmi bir neçə şirkətin əlində cəmləşəcək və monopoliya yaranacaq. Minlərlə taksi sürücüsü də işsiz qalmış olacaq.
Taksi sürücülərinin içərisində narkomanı və psixi də var. Bu, təbii haldır. Mənim fikrimcə, taksilərin içərisində xidmət səviyyəsinin qiymətləndirilməsi və yaxud neqativ hallarla qarşılaşdıqda müştərilərə şirkətlə əlaqə yaratmaq üçün hər hansı bir əlaqə vasitəsi verilərsə, narkotik istifadəçisi olan sürücülər aşkarlanar və xidmətdən kənarlaşdırılar", - deyə o qeyd edib.
Razi Nurullayev həmçinin taksi xidmətlərinin qiymətlərinin aşağı olmasına da münasibət bildirib:
"Azərbaycanda taksi qiymətləri çox ucuzdur. Təbii ki, bu vətəndaşlar üçün müsbət haldır. Qiymətlərin bu şəkildə qalması olduqca vacibdir. Məsələ burasındadır ki, taksi sürücüləri də çox pul qazanmaq istəyir. Yəni, məsələnin iki tərəfi var. Bunun optimallaşdırılması da qiymətlərin bahalaşmasına gətirib çıxarır. Nəticədə müxtəlif taksi xidmətləri yaranır. Həmin şirkətlər də heç nədən pul qazanırlar. Taksi sürücülərinin sosial vəziyyəti isə ağır olaraq qalır. Əgər biz bu sahəyə indi əl gəzdirsək, həm vətəndaşlar, həm də taksi sürücüləri ziyan çəkəcək, çünki hazırda vətəndaşların da sosial vəziyyəti yaxşı deyil", - deyə deputat əlavə edib.
Murad İbrahimli