Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, AZAL-da ciddi yoxlamalar başlanılıb, 2 aya yekunlaşacaq və ictimayətə bununla bağlı əlavə məlumat veriləcək.
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, dünyada məşhur olan “Deloitte” audit şirkətinin AZAL-da apardığı yoxlamaların nəticələrinə görə, AZAL-ın məcmu zərəri 2018-ci ildə 151 mln 320 min manat, 2019-cu il üzrə 78 mln. 770 min, 2020-ci ildə 76 mln. 415 min manat olub.
"2021-ci il üçün məlumatlar hələ ki, yoxdur, amma AZAL həm də büdcədən ən çox dotasiya alan şirkətlətrdən biridir. 2019-2021-ci illər ərzində şirkət büdcədən ümumilikdə 215 mln. manat dotasiya alıb. AZAL ölkədə inhisarçıdır, həm uçuşlara, həm də yerüstü xidmətlərə nəzarət edir. Ölkəyə xarici şirkətlərin birbaşa daxil olmasına mane olur, regionda ən baha qiymətə bilet satır, yerüstü xidmətləri bahadır, büdcədən dotasiya almaqla yanaşı təyyarələri də büdcə hesabına alır, amma ziyanla, zərərlə işləyir. Hamı AZAL-dan şikayət edir, amma heç nə dəyişmir. Hətta Avropa Birliyi ilə yeni əməkdaşlıq sazişinin imzalanmasının uzanmasının da əsas səbəbkarlarından biri AZAL-dır. Bazarı əlindən buraxmaq istəmir".
Ümid edək ki, Hesablama Palatasının başladığı yoxlamalar AZAL-ın idarəetməsinin, bu sahəyə münasibətin dəyişməsi ilə nəticələnəcək. Yoxsa insanda sual yaranır ki, nədən hamının şikayətçi olduğu AZAL heç kimi və heç nəyi vecinə almadan həm büdcəni, həm də vətəndaşların cibini “sağmaqda” davam edir?"