Ötən gün Xəzər rayonunda yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində “Açıq qapı” təşkil olunub.
"Unikal" xəbər verir ki, tədbirin məqsədi peşə təhsil mərkəzləri haqqında məlumatlılıq səviyyəsini artırmaq, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı Elşən Salahov, Millət vəkilləri Ceyhun Məmmədov və Rauf Əliyev, BMTİP-nin Rezident nümayəndəsi Çaru Bista, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, peşə təhsili mərkəzləri yuxarı sinif şagirdləri, valideynlər, müəllimlər və özəl sektorun nümayəndələri iştirak ediblər .
Ziyarətçilər peşə təhsili mərkəzlərində təhsil alanların əl işlərindən ibarət sərgiyə baxış keçirib, sonra isə bir sıra tədris məkanlarına baş çəkərək mövcud avadanlıq və xidmətlərlə yerində tanış olub, həmçinin qəbul qaydaları barədə ətraflı məlumat alıblar.
Tədbirdə çıxış edən E.Salahov peşə təhsil müəssisələrinin cəlbediciliyini və əmək bazarının tələblərinə uyğunluq səviyyəsini artırmağa yardım etməsini vurğulayıb.
Sonda qonaqlar peşə təhsil mərkəzinin uğurlu məzunları ilə tanış olaraq onlarla karyera perspektivləri haqqında müzakirə ediblər.