Bu gün Unikal Media Qrupun redaksiyasında Medianın İnkişafı Agentliyi tərəfindən media subyektlərinə göndərilən “Redaksiya siyasəti və peşə etikası qaydaları” ilə bağlı nümunənin müzakirəsi olub.
Müzakirə zamanı çıxış edən "Unikal"ın Baş redaktoru Zaur Əhməd bildirib ki, hər bir jurnalist redaksiya siyasətinə və peşə etikası qaydalarına əməl etməlidir.
Baş redaktor qeyd edib ki, həqiqətə hörmət və cəmiyyətin məlumat almaq tələbatını ödəmək jurnalistikanın fundamental prinsiplərindəndir.
“Jurnalist hansı media subyektində çalışmasından asılı olmayaraq, ictimai məsuliyyət daşıyır.Jurnalist obyektivlik, dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərinə sadiq qalmalıdır. Redaksiya siyasəti heç bir halda dövlətçiliyə, cəmiyyətin milli-mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailə institutunun qorunması prinsipinə zidd ola bilməz. Vətəndaş hüquqları, həmrəylik, demokratiya, bərabər imkanlar ilə bağlı məsələlərə həssas yanaşılmalıdır. Təbii ki, bütün bunlarla yanaşı, jurnalistin informasiya almaq, yaymaq hüquqları da qorunmalıdır. Biz xəbər siyasətini müəyyənləşdirərkən mətbuat azadlığı ilə yanaşı, peşə etikasına da əməl etməliyik. Bu zaman daha ədalətli mühit formalaşmış olar", - deyə Z.Əhməd əlavə edib.
Müzakirələrdən sonra saytda çalışan jurnalistlərin diqqətinə çatdırılıb ki, "Unikal" saytında “Peşə etikası” bölməsi yaradılıb. Əməkdaşların hər biri orada “Redaksiya siyasəti və peşə etikası qaydaları” ilə tanış ola bilər.