Fevralın 28-də İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində hərəkətdə olan “VAZ-2106” markalı nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü Elşad Fərzəliyev və sərnişini Vüsal Salmanov müxtəli dərəcəli bədən xəsarətləri alıblar. Bir neçə gündən sonra E.Fərzəliyev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, yol-nəqliyyat hadisəsi baş verməzdən təxminən 3 saat öncə onlarla tikintidə birlikdə işləyən rayon sakini Qədir Qədirli arasında mübahisə yaranıb. Nəticədə sonuncu hər iki şəxsin baş nahiyəsinə daşla vuraraq ağır xəsarətlər yetirib. Daha sonra mübahisəni davam etdirmək üçün onunla təkrar görüşə gedən E.Fərzəliyev və V.Salmanov qəzaya düşüblər.
İstintaq zamanı alınan məhkəmə tibbi-ekspertizanın rəyləri ilə də Q.Qədirlinin mübahisə zəminində digər iki nəfərə ağır bədən xəsarətləri yetirdiyi təsdiq olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma- iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, Q.Qədirli şübhəli şəxs qismində saxlanılıb.