İsmayıllı Rayon Polis Şöbəsinə İvanovka kəndində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan nəğd pul, tütün məmulatları, müşahidə kameralarının yaddaş qurğusunu, kassa aparatını, 100 manat dəyərində “Poz, qazan” lotereyalarını və digər ərzaq məhsullarını oğurlayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin Göyçay şəhər sakini, əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum edilmiş İlqar Mustafayev olduğu müəyyənləşdirilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. İ.Mustafayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.