Azərbaycanda korrupsiya tüğyanı - ARAŞDIRMA
11:04 26-02-2013
İQTİSADİYYAT
Son zamanlar ölkədə korrupsiyaya qarşı mübarizə kifayət qədər sərtləşib və ortaya maraqlı faktlar çıxır. Aydın olur ki, bu gün korrupsiya hallarına əsasən büdcə təşkilatlarında rast gəlmək olur və bu heç də təsadüfdən deyil. Çünki müəyyən güclər var ki, onlar üçün monopoliyanın qalması, korrupsiyanın artması vacibdir və təssüflər ki, bəzi hallarda məmur korpusuda bu təsirdən qurtula bilmir. İndi isə gəlin korrupsiya hallarının yaranması və kütləviləşməsi prosesinə diqqət ayıraq.
Korrupsiya mənbəyi bölgələr
Bu gün aparılan araşdırmalar göstərir ki, ötən illərlə müqayisədə hazırda regionlarda korrupsiya halları daha çox artıb və bunun bir sıra ciddi səbəbləri var. Bunlar nədir?
- Əhalinin bölgələrdə qanunlardan xəbərsiz olmaları
- Yerli icra orqanlarının mərkəzdən yayınmaları
- Regionların inkişafı layihəsindən sui-istifadə.
Bunu da qeyd edək ki, 10 il öncə Prezident İlham Əliyev “Regionların İqtisadi İnkişaf Proqramı” adlı sənəd imzaladı və bununla da bölgələrdə
- kənd təsərrüfatının inkişafı
- fermer təsərrüfatlarının yaradılması
- regionlarda sənaye obyektlərinin formalaşdırılması
- idarəetmə sisteminin təkmilləşdirilməsi əsas vəzifə olaraq qarşıya qoyuldu. Bəs bunun qarşılığında nələr baş verir və bunun başlıca səbəbi nədir? Gəlin ilk növbədə bu gün Azərbaycan rayonları üçün münasib olan kənd təsərrüfatının inkişafı, fermet təsərrüfatlarının yaradılması mövzusuna diqqət ayıraq. Bu gün bölgələrdə kənd təsərrüfatının , fermer təsərrüfatlarının formalaşmasına bir başa məsuliyyəti Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti daşıyır. Bəs bu qurumlar üzərlərinə düşən öhdəliyi yerinə yetirə bilirmi? Apardığımız araşdırmalar göstərir ki, əslində bu üç qurumun birlikdə fəaliyyəti sözün həqiqi mənasında korrupsiya sistemi formalaşdırıb. Belə ki, kənd təsərrüfatının inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi konkret sahələri müəyyənləşdirir, konkret fərdi və hüquqi tərəflərin imkanlarını dəyərləndirir, İqtisadi İnkişaf Nazirliyi bu dəyərlənməni analiz edir, tenderlər elan edir, “Aqrolizinq” isə bu qurumları zəruri avadanlıqlarla ,güzəştli şərtlərlə təmin edir. Əslində sənədlərlə bu belədir.Amma reallıqda...Reallıqda isə çox maraqlı bir şəbəkə ortaya çıxır. Aydın olur ki,əslində bir korrupsiya şəbəkəsi yaradılıb və onun detalları aşağıdakılardan ibarətdir.
1. Kənd Təsərrüfatı Nazirliyi müstəqil şəkildə fəaliyyət göstərən təsərrüfat subyektlərinə kredit almaq, “Aqrolizinq”in imkanlarından yararlanmaq, İqtisadi İnkişaf Nazirliyinin tenderlərində iştirak etmək üçün təqdimat vermir.
2. İqtisadi İnkişaf Nazirliyi yalnız razılaşdırılmış qurumların tenderdə iştirakını tanıyır
3. “Aqrolizinq” bir tərəfdən əlində olan güzəştli imkanları heç bir güzəşt nəzərə alınmadan fermerlərə təqdim edir, digər tərəfdən isə konkret öz nəzarətlərində olan təsərrüfatlara güzəştli imkanlar tanınılır
Bu gün bu sahədə ciddi korrupsiya halı həm də beynəlxalq təşkilatlardan ayrılan vəsaitlərin mənimsənilməsi zamanı baş verir. Gəlin elementar bir fakta baxaq.
Dünya Bankı tərəfindən Azərbaycana verilən 18,8 milyon dollar kənd təsərrüfatı kreditləri ayrılıb. Amma bu vəsaitin bir rayona belə göndərilmədiyi,tamam başqa təyinatlar üzrə xərcləndiyi aydınlaşıb. Hökumət zəmanətinə götürdüyü 18,8 milyon dolları 8 faizlə verir, məmurlar da onun üzərinə şəxsi mənfəətləri üçün olan faizləri gələrək onu guya kənd təsərrüfatı istehsalçılarına paylayırlar. Bu illər ərzində həmin vəsaitin 10-15 faizi ancaq yerlərdə xüsusi adamlara paylanıb, qalan hissəsi Bakıda biznes fəaliyyətinə, mənzil və bağ evləri tikintisinə, şəxsi işlərə sərf olunub.
İcra başçılarının korrupsiya həvəsi
Çox maraqlı bir detal isə budur ki, bu korrupsiya oyununda yerli icra başçılarıda nəzərə alınır. Onların isə missiyası tamam fərqlidir. Yerli icra strukturları bu sahədə hansı korrupsiya oyununu həyata keçirirlər?
- Süni şəkildə təsərrüfatlar sənədləşdirilir və kənd təsərrüfatının inkişafı ilə bağlı rəy yaradılır.
QEYD- Ekspertlərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, sənədlərdə göstərilən taxıl əkininin həcmi o qədər şişirdilib ki, bu qədər taxıl olardısa ölkənin tam ehtiyacı təmin olunardı. Halbu ki, bu gün Azərbaycan taxıl tədarükünü görə bilmir.
- Dövlətin regionların iqtisadi inkişafı ilə bağlı, sahibkarlığın formalaşdırılması ilə bağlı ayırdığı vəsaitlər sahibkarların adına sənədləşdirilsədə bu pullarda müvafiq təşkilatlarla birlikdə mənimsənilir. Prezident İlham Əliyevdə son çıxışında bunu xüsusi olaraq vurğuladı və bəyan etdi ki, buna qarşı ciddi mübarizə aparılacaq. Yerli icra strukturlarının korrupsiya aktı heç də yalnız bununla tamamlanmır. İcra başçılarının da korrupsiya imkanları böyükdür və bunlarada aydınlıq gətirək. Öncəliklə hər il əksər rayona prezident tərəfindən yardımlar ayrılır. Ekspertlər bildirir ki, bu yardımlar əsasən abadlıq işlərini həyata keçirtmək, rayonda olan çatışmamazlıqları aradan qaldırmaq üçündür. Amma fakt budur ki, bu günə qədər əksər rayonlarda abadlıq işləri sahibkarların boynuna qoyulur, ayrılan vəsait isə qəpiyinə qədər yoxa çıxarılır. Həmçinin rayonlarda demək olar ki, sahibkarlara qarşı səlib yürüşü başlayıb və bunun nəticəsidir ki, icra başçısının himayəsində olmayan sahibkar bir saatda olsa rayonda qala bilməz. Yerli icra başçılarının korrupsiya tələlərindən biri də rayonlardakı büdcə təşkilatlarıdır. Demək olar ki, büdcə təşkilatları hətta hər ay aldıqları əmək haqqını belə sona qədər ala bilmirlər. Hətta elə rayonlar var ki, büdcə təşkilatlarına ayrılan aylıq kommunal xərclər belə başçılar tərəfindən mənimsənilir. Bu məsələdə daha acınacaqlı hal təhsil sahəsindədir.
Təhsil mafiyasının büdcə talanı
Bu gün Azərbaycanda korrupsiya məskənlərindən biri də təhsil sahəsidir. Bu işdə Təhsil Nazirliyinin rəhbərliyi ilə demək olar ki, əksər rayon icra başçıları da iştirak edir. Gəlin təhsildə korrupsiyanın yaranma sxeminə baxaq. Təhsil sahəsində korrupsiya halları əsasən nələrdə özünü göstərir?
1. Məktəb tikintisi və təmiri üçün hər il milyonlarla vəsait mənimsənilir. Bunu da qeyd edək ki, Heydər Əliyev Fondundan fərqli olaraq, Təhsil Nazirliyinin xətti ilə tikilən məktəblər daha çox baha başa gəlir və keyfiyyət bir neçə dəfə aşağı olur. Hətta elə qaçqın rayonları var ki, orda hər il bir məktəbin təmirinə yüz minlərlə manat pul ayrılır. Halbu ki, həmin məktəb ümumiyyətlə yoxdur. Müşahidəçilər bildirir ki, bu gün ən böyük korrupsiya halı məhz bu sahədə baş verir və bu işdə çox məmur toplusu iştirak edir.
2. Dərs vəsaitlərinin hazırlanması. Ekspertlər bildirir ki, təmir-tikinti işlərindən sonra təhsil sahəsində ki, ən böyük maxinasiya yeri məhz dərsliklərdir. Dərsliklərin hazırlanması zamanı baş verən korrupsiya faktları da kifayət qədər total yaranıb və hələ ki, bunun da qarşısını almaq mümkün deyil.
dərs avadanlıqları,partaların alınması kimi sahələrdə korrupsiyalaşmış sahələr sayılır və demək olar ki, burda həm də ciddi monopoliya yaradılıb. Apardığımız araşdırmalar təsdiqləyir ki, əksər hallarda nazirliyin ən yüksək məmurlarının və ya rayon təhsil şöbələrinin müdirləriylə ,Təhsil Nazirliyinin təhcizat bazasının nəzarətində olan sexlərdə bu avadanlıqlar hzırlanır və böyük qiymətə dövlətin elə özünə satılır.
Bunu da qeyd edək ki, bu il təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı 88,5 milyon manat, məktəbəqədər təhsilin maliyyələşməsinə 6,7 milyon manat, ümümtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması üçün 7,1 milyon manat, təhsil sisteminin informasiyalaşdırılmasına 13,5 milyon manat vəsait nəzərdə tutulub.Amma ekspertlər bildirir ki, bu rəqəmlər kifayət qədər şişirdilib və hesab etmək olar ki, vəsaitin yarıdan çoxunun taleyi qaranlıq qalacaq.
Nəhayət, digər korrupsiya meydanı isə “ölü canlar ”dır.
Azərbaycanda “ÖLÜ CAN” pripiskası
Bu gün təhsil sahəsidə başda olmaqla əksər sahələrdə ciddi problemə və ya bəlaya çevrilən sahələrdən biri də “ölü can”ların mövcudluğudur.Bu gün təhsil sektorunda yüzlərlə müəllim,lobarant,metodist mövcuddur ki, onların yalnız adları sənədləşdirilib. Hətta bu cür adı siyahıda olub, hər ay dövlətdən əmək haqqı alan elələri var ki, ümumiyyətlə ölkədə belə yaşamır. Dəhşətlisi isə budur ki, bu cür müəllim və ya müəllimələrin əksəriyyəti saxta diplomlara sahibdilər. “ÖLÜ CAN”lar problemi təhsil sahəsindən sonra daha çox həm də səhiyyə sektorunda hiss edilir. Ekspertlər bildirir ki, səhiyyə sahəsində çalışan həkim,tibb bacıları arasında da yüzlərlə bu cür büdcə pullarını mənimsəyən hallara rast gəlmək olur. Bunu da qeyd edək ki, təhsil sahəsində olduğu kimi, səhiyyə sahəsində də büdcə pulları əsasən təmir-tikinti işlərində, tibbi ləvazimatların alınmasında talan edilir. Bu gün dövlət xəstəxanaları pulsuzdur,deyərək əslində alınan rüşvətlərlə xəstəxanalar özlərini saxlamaq zorunda qalır.
Amma sənədləşmədə tam bunun əksini görürük. Məsələn, gələn il səhiyyə xərcləri üçün ayrılan vəsaitin 173,9 milyon manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə sərf ediləcək. Vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 5 milyon manat, NİV/AIDS-in qarşısının alınması və onunla mübarizəyə 3 milyon manat, səhiyyə müəssisələrinin yenidən qurulması və əsaslı təmirinə 3,3 milyon manat, ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlərə 2 milyon manat, qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,6 milyon manat ayrılması nəzərdə tutulub. Gördüyünüz kimi 173 milyon manatın taleyi artıq indidən qaranlıq görünür.
Qaçqın haqları və saxta milyonlar
Bu gün dövlət büdcəsinin talanmasında qaçqınlara ayrılan vəsaitləri də xüsusi olaraq qeyd etmək lazımdır. Bu gün qaçqınlar üçün qəsəbələrin salınması, qaçqın rayonlarına büdcədən əlavə vəsaitlərin ayrılması, yardımların təşkili sahəsində demək olar ki, korrupsiyanın ölçüsü ağılagəlməz həddədir. Bu gün sirr deyil ki, əksər sahələrdə olduğu kimi Dövlət Qaçqı və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin xətti ilə də həyata keçirilən tikinti işlərində korrupsiya hallarına yol verilir. Apardığımız araşdırmalara görə belə tikintilər həyata keçirilən zaman sənədləşmə ilə tenderlər elan olunsada heç vaxt tender həyata keçirilmir və özlərinə məxsus şirkətlər bu işləri reallaşdırırlar. Və yaxud hansısa şirkət bunu həyata keçirirsə öncədən tikintiyə sərf ediləcək vəsaitin 18-20 faizini rüşvət olaraq təhvil verməli olurlar.
Sözsüz ki, bu işin həyata keçirilməsi zamanı yerli icra strukturları da prosesin iştirakçısına çevrilir.
Bu sahədə kifayət qədər gəlir əldə edən qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. İstər tikinti işlərində, istər ünvanlı sosial yardımların verilməsində, istər əliliyə görə dərəcələrin verilməsində korrupsiya və rüşvət ən yüksək həddə çatıb. Elə buna görə də korrupsiya ilə bağlı həbs olunanların böyük əksəriyyəti bu sahədə çalışanlar olub. Çox maraqlıdır ki, “ölü canlar”ın başqa bir forması nazirliyin əməlində də istifadə olunur. Burda isə saxta sənədlərlə vətəndaşların vaxtından əvvəl əlillik dərəcələri almalarıdır ki, burda da dövlət büdcəsindən kifayət qədər mənimsəmələr edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qazanc yerlərindən biri də beynəlxalq təşkilatlardan alınan qrandlardır. Pilot layihələrin həyata keçirilməsi adı ilə götürülən pullar qəpiyinə belə toxunulmadan mənimsənilir. Pilot layihələrin həyata keçirilməsi işi isə yerli şöbələrin üzərinə atılır. Buna görə də bu nazirlik yeganə nazirlikdir ki, bölgələrdə ki, şöbələrin açıq şəkildə rüşvət alınamsına yaşıl işıq yandırılıb. Korrupsiyaya qarşı bu səviyyədə mübarizə aparılsada bu nazirlik yeganə nazirliklərdəndir ki, yenə də əhali ciddi şəkildə burdan narazıdır və narazılığın qarşısını almaq mümkün deyil. Əksinə narazılıq nə qədər çox artırsa, nazirlik daxilində daha çox yeni strukturlar qurulur və buda özlüyündə korrupsiya üçün zəmin yaradır.
Gördüyünüz kimi bir çox sahələrdə ciddi korrupsiya halları var və hələ ki, qalmaqda da davam edir. Məsələn, bu günlərdə prezidentin sərancamı ilə maldarlığın inkişafı üçün 10 milyon manat pul ayrılıb. Bu gün isə artıq “Aqrolizinq” və Kənd Təsərüfatı Nazirliyi təkliflər hazırlayır və bu təkliflər yenə də köhnə havalardan başqa bir şey deyil. Köhnə havalar isə güya pullar yenidən sahibkarlara verilməlidir, təklifidir. Maraqlıdır, bəs bundan çıxış yolu nədədir?
Yeni qaydalar və islahatlar
Ekspertlər hesab edir ki, bu gün məmurların korrupsiya aktlarını rahatlıqla həyata keçirə bilmələrinin başlıca səbəbi büdcənin sosial təyinatlı olması ilə bağlıdır. Məlumdur ki, əhalinin şəraitinin qaydaya salınması, dotasiyalı sahələrin inkişafı üçün büdcə sosial yönlü büdcədir. Bu isə məmurların işinə yarayır. Yəni tutalım abadlıq, yardım üçün büdcədən ayrılan vəsaitin sonrakı taleyini nəzarətdə saxlamaq mümkün deyil. Bundan başqa aydın olan budur ki, ölkədə quruculuq işlərinin həyata keçirilməsindən də istifadə halları çox artıb. Tək bunu təsəvvür edin ki, son 8 ildə yalnız bir başa büdcədən 800 milyon manat vəsait tikinti-təmir işlərinə ayrılıb. Hələ bunun üzərinə nazirliklərin özlərinin həyata keçirtdiyi tikinti işlərini də əlavə etsək ortada milyardlıq rəqəm olacaq. Buna görə də ekspertlər hesab edir ki, ilk növbədə büdcəyə nəzarət artırılmalıdır və prezidentin sonuncu çıxışında qaldırdığı məsələlərin icrasına başlamaq lazımdır. Prezidentin çıxışını ümumilikdə təhlil edən ekspertlər hesab edir ki, bu addımların atılmasına ciddi ehtiyac var
- Korrupsiyaya görə cinayət və inzibati məsuliyyətin sərtləşdirilməsi;
- Korrupsiya ilə mübarizə üzrə xüsusi ümummilli proqramın qəbul edilməsi və həyata keçirilməsi və korrupsiya ilə mübarizə üzrə xüsusi orqanın yaradılması;
- Dövlət idarəetmə sistemində şəffaflığın gücləndirilməsi;
- Daha çox korrupsiyalaşmış məmurların yeni kadrlarla əvəz edilməsi;
- Dövlət idarəetmə sisteminin islahatı;
- Əhalinin maarifləndirilməsi və korrupsiyaya qarşı ictimai ikrahın formalaşdırılması;
- Məhkəmə islahatının aparılması və müstəqil məhkəmələrin yaradılması;
- Dövlət sektorundakı maaş və təqaüdlərin özəl sektordakı ilə müqayisə olunan səviyyəyə çatdırılması;
- Məmurların gəlirlərinin hər il bəyannamədə göstərilməsi və onların dərc edilməsi qaydasının tətbiq edilməsi;
- Rüşvət verilməsinə görə məsuliyyətin aradan qaldırılması;
Bundan başqa ekspertlər hesab edir ki, bu gün kadr islahatlarını da sürətləndirmək çox vacibdir. Çünki hazırda elə məmurlar var ki, kifayət qədər bataqlıqın içindədirlər və onların korrupsiyaya qarşı mübarizədə şəffaf qalmaları mümkünsüzdür. Bu günlərdə bir sıra rayon icra hakimiyyəti başçılarının əmlakının siyahısı mətbuatda çıxanda aydın oldu ki, büdcədən ayrılan pullar nəyə sərf olunurmuş.
Nəticə
1950-ci illərdə Amerika Birləşmiş Ştatları çətin bir problemlə üz-üzə qalmışdılar. Ölkədə korrupsiya və rüşvət o həddə çatmışdı ki, artıq dövlət idarəçiliyini belə nəzarətdə saxlamaq mümkün deyildi. Həmin vaxt ABŞ-ın maliyyə nazirliyi maraqlı bir təkliflə çıxış etdi. Çıxışın qayəsi ondan ibarət idi ki, ölkədə iqtisadi amnistiya élan edilsin və bununla da monopoliya aradan qaldırılsın və sahibkarlara gizli gördükləri işləri açıq şəkildə görmək imkanları yaradılsın. Bununla da ABŞ iqtisadi məkanda bir sıçrayışa nail ola bildi. Ekspertlər bildirir ki, bütün bunları nəzərə alaraq elə nəticə çıxartmaq olmaz ki, bu gün Azərbaycanda durum çıxılmz həddədir. Əksinə. Yeni formalaşan dövlətlərdə belə hallar normaldır və bunların aradan qaldırılması üçün sadəcə zaman lazımdır. Digər tərəfdən bir neçə il öncə prezident İlham Əliyevin sərt açıqlama verməsi və korrupsiyaya qarşı mübarizə élan ediləndə qısa müddətdə xeyli uğurlara imza atmaq mümkün oldu. Müşahidəçilər bildirir ki, prezidentin son çıxışı buna təsdiqdir ki, ölkədə korrupsiyaya qarşı mübarizənin ikinci dalğası başlayıb və bunun da nəticələrini görəcəyik.
“Unikal”ın araşdırma qurupu
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40