Baş prokuror Kamran Əliyev mayın 27-də Goranboy rayon prokurorluğunun inzibati binasında Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Kamran Əliyev bölgədə yaşayan 33 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror Goranboy rayon prokurorluğunun əməkdaşları ilə görüş keçirib, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verib.
Daha sonra Kamran Əliyev Xocalı rayon prokurorluğuna gələrək prokurorluğun kollektivinin iştirakı ilə iclas keçirib, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması və qəbul işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə çatdırıb.