Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalı Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının əyani təzahürüdür. Festival ölkəmizdə keçirilməklə, eyni zamanda beynəlxalq əhəmiyyətli tədbir statusu almış oldu. Azərbaycan və Türkiyə Prezidentlərinin Festivalda çıxış etmələri isə ölkələrimizin dostluq-qardaşlıq münasibətlərinin bütün dünyaya növbəti dəfə nümayiş etdirilməsi kimi qiymətləndirilə bilər.
Azərbaycan və Türkiyə bir millət, iki dövlət olaraq hər zaman bir-birinin yanındadır. Xalqlarımızın eyni soy-kökə məxsus olması dövlətlərimiz arasında mövcud olan əlaqələrin sarsılmazlığını təmin edir. Qardaş Türkiyə Resbublikası İkinci Qarabağ müharibəsi zamanı hər an Azərbaycanın yanında olduğunu bəyan etdi və bu xalqımız üçün əlavə güc, mənəvi-siyasi dəstək oldu. Azərbaycan xalqı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözlərini heç zaman unutmayacaq.
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Bakıda keçirilən Zəfər paradında da qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə yanaşı dayanması bütün dünyaya birlik, qardaşlıq nümayişi idi. Ölkələrimiz arasında hər bir sahədə olan yüksək səviyyəli münasibətlər ötən ilin 15 iyun tarixində imzalanan Şuşa Bəyannnaməsi ilə özünün ali zirvəsinə-rəsmən müttəfiqlik zirvəsinə ucaldı.
“TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalında çıxış edərkən Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha bəyan etdi ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Ölkələrimiz beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan müstəqil siyasət yürüdə bilən ölkədir. Dövlət siyasətinin də mütləq prioritetləri Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiə olunması, eyni zamanda ölkəmizin müstəqil siyasət aparmasıdır.
Çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev xüsusilə vurğuladı ki, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktar kimi türk dünyasının böyük oğullarının Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Yetişən gənc nəsil bu cür vətənpərvər şəxslərdən mütləq örnək götürməlidirlər.
“TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalında çıxış edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir sıra mühüm məqamlara diqqət çəkdi. Qardaş ölkənin başçısı bəyan etdi ki, müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə Azərbaycanın yanındadır. Bu bir daha sübut edir ki, iki ölkə arasında olan münasibətlər sarsılmaz qardaşlıq münasibətləridir. Bu münasibətlərin qədim tarixi kökləri mövcuddur. Ölkələrimiz çətin gündə də, xoş gündə də bir-birinin yanında olub, bir-birinə dəstək verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bəyan etdi ki, regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərəcəkdir. Bölgədə yeni bir səhifə açmağın vaxtı çatıb. Əsas hədəf dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri