Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” adlı kitabın təqdimatı olub.
"Unikal" xəbər verir ki, UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri, professor Məhəbbət Paşayevanın müəllifi olduğu kitabın təqdimat mərasimində rektor professor Ədalət Muradov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının katibi Aleksey Nikonorov, Alban Udi xristian icmasının sədri Robert Mobili, millət vəkilləri Ceyhun Məmmədov, Nizami Cəfərov, Anar İskəndərov, AMEA-nın institut direktorları, akademiklər və digər qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində multikulturalizmlə bağlı kitab və eksponatlardan ibarət sərgi, eləcə də alban abidələrinə həsr olunmuş videoçarx nümayiş olunub.
Rektor professor Ədalət Muradov təqdim olunan kitab barədə tədbir iştirakçılarına məlumat verərək, alban abidələrindən bəhs edən elmi kataloqda ölkəmizin tarixi, Qarabağ və Şərqi Zəngəzurun alban abidələrinin keçmişi və bu günkü vəziyyəti, eləcə də onların falsifikasiya edilməsi faktlarının əks olunduğunu bildirib. Professor Ədalət Muradov ölkəmizin ərazisindəki 200-dən artıq alban abidəsindən bəhs edən kitabın, alban mədəniyyətinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayacağını diqqətə çatdırıb. Rektor kitabın ideya müəllifi akademik Kamal Abdullaya, müəllif professor Məhəbbət Paşayevaya, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərinə belə dəyərli tədqiqat əsəri ərsəyə gətirdikləri üçün təşəkkürünü bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ermənilərin qədim alban abidələrimizlə bağlı məlumatları saxtalaşdırmağa çalışdıqlarına diqqət çəkərək, Azərbaycanın qədim Qafqaz Albaniyasına aid mədəni-tarixi irsinin öyrənilməsi, həqiqətlərin bütün dünyaya çatdırılması baxımından kitabın nəşr olunmasını uğurlu layihə kimi dəyərləndirib. R.Həsənov bu cür layihələrin davamlı olacağını, Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən kitabın müxtəlif dillərdə çap edilərək, geniş ictimaiyyətə təqdim olunacağını deyib.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran, millət vəkillərindən Ceyhun Məmmədov, akademik Nizami Cəfərov, professor Anar İskəndərov, AMEA Tarix İnstitutunun direktoru professor Kərim Şükürov, Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyasının katibi Aleksey Nikonorov, Alban Udi xristian icmasının sədri Robert Mobili, UNESCO Türkiyə Milli Komisyonu Başkanı Pr.Dr Ocal Oğuz çıxış edərək, Qarabağın və Şərqi Zəngəzurun alban abidələrinin tarixinin tədqiq edilməsini yüksək qiymətlənrirərək, aparılan tədqiqatların əhəmiyyətindən danışıblar.
Kitabın müəllifi, UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri, professor Məhəbbət Paşayeva Qafqaz Albaniyası dövrünə aid tarixi abidələrin tədqiqi məqsədilə dəfələrlə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər etdiyini bildirib. O, Qarabağda gedən dirçəliş və yenidənqurma işlərinin bir parçasının da Ermənistan işğalının Qarabağ və Zəngəzurda abidələrimizə vurduğu zərərin dünyaya tanıdılması işi olduğunu diqqətə çatdırıb. Müəllif Qarabağ və Şərqi Zəngəzurun alban abidələrindən bəhs edən elmi kataloqdan tədqiqatçıların, tələbələrin, eləcə də Qafqaz Albaniyasının tarixi ilə maraqlanan hər kəsin bəhrələnə biləcəyini vurğulayıb.
Beynəlxalq Magistratura bə Doktorantura Mərkəzinin əməkdaşı Röya Sultanova tərəfindən hazırlanmış əl işləri və UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin tədqiqatçısı, Dizayn kafedrasının müəllimi f.ü.f.d. Aynur Rzayeva tərəfindən sərgilənən rəsm əsərləri böyük maraqla qarşılanıb və Aynur Rzayevanın müəllifi olduğu "Xudavəng Monastrı" rəsm əsəri Alban Udi xristian icmasına hədiyyə edilib.
Hibrid formada təşkil olunan tədbirə yerli iştirakçılarla yanaşı, Türkiyə, Kanada, Almaniya, Rusiya, Niderland, İngiltərə və s. xarici ölkələrdən qonaqlar da qoşulub.
“Şuşa ili” çərçivəsində keçirilən tədbir UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutub.