Daxili İşlər Nazirliyi (DİN) Sabirabad rayonunda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov "Unikal"a bildirib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb.

"Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq", - DİN rəsmisi vurğulayıb.

***

14:37

Sabirabad rayonunda məktəbli qız ərə verilib.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. 

O bildirib ki, toy Sabirabad rayonunun Qəzli kəndində baş tutub:

“Sabirabad rayonu Qəzli kəndində IX sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacağam, anasının adı isə Zöhrədir”.