“1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Xırdalan şəhərindəki Heydər Əliyev Parkında xalqımızın zəfəri ilə başa çatan Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn igidlərimizin 80-ə yaxın övladı üçün bayram tədbiri keçirilmişdir.
"Unikal" xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri iştirak etmişdir. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Parkda təşkil olunan “Şuşa uşaqların gözü ilə” adlı uşaq rəsmlərindən ibarət sərgiyə baxış keçirilmiş, şəhid övladları üçün əyləncəli proqram təqdim olunmuşdur.
RİH başçısı şəhid ailələri və övladları ilə görüşmüş, onların qayğıları və problemləri ilə maraqlanmış, xatirə şəkili çəkdirmişdir.
Şəhid ailələri də öz növbələrində onlara böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.
Daha sonra bayram tədbiri Abşeron Mədəniyət Mərkəzində davam etdirilmişdir. Rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin hazırladığı rəngarəng bayram proqramı təqdim edilmişdir.
Konsertdən sonra şəhid övladları Limuland Əyləncə Mərkəzinə aparılmış, uşaqların günlərinin əyləncəli başa çatması üçün lazimi tədbirlər görülmüş, onlara bayram hədiyyələri verilmişdir.
***
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edilmişdir. Tədbirdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri iştirak etmişdir. İştirakçılar əvvəlcə müəssisədə yaradılan şəraitlə tanış olmuş, müəssisəninin istedadlı uşaqlarının hazırladıqları əl işləri ilə tanış olmuşlar.
Sonra akt zalında baş tutan bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirmişdir ki, Azərbaycanda uşaqların müdafiə olunması, onlara diqqət və qayğının göstərilməsi istiqamətində böyük işlər görülüb. Qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda da cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq hüquqlarının müdafiəsi, onların təhsili, asudə vaxtının təşkili uğurlu şəkildə həyata keçirilməkdədir. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda neçə-neçə məktəbəqədər təhsil müəssisəsi, orta məktəblər, olimpiya kompleksi tikilərək gül balaların istifadəsinə verilmişdir. Həmin işlər bu gün də davam etdirilməkdədir.
Sonra çıxış edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunmasının qərara alındığını bildirmiş, ölkəmizdə də bu tədbirlərin sevilərək keçirildiyini qeyd etmişdir.
Daha sonra 2 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin kollektivi tərəfindən hazırlanan konsert proqramı təqdim olunmuşdur.
Müəssisənin bütün uşaqlarına bayram hədiyyələri verilmişdir.