Milli Məclisin Səhiyyə komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş Əhliman Əmiraslanov Sabirabad rayonunda seçicilərlə növbəti görüş keçirib.
"Unikal" xəbər verir ki, görüş zamanı akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə, o cümlədən Sabirabad rayonunda aparılan quruculuq işlərindən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi məqsədilə icra edilən layihələr barədə məlumat verib.
Görüşdə iştirak edən sakinlər Əhliman Əmiraslanovun mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirərək onları narahat edən məsələlərin həllində yaxından köməklik göstərdiyini bildiriblər. Seçicilər, dəfələrlə xəstəliyi olan insanların müayinə və müalicəsinə, çoxsaylı ağır xəstələrin cərrahi əməliyyatlarının təşkil edilməsi və yaxud özü tərəfindən bilavasitə icra olunmasına görəƏhliman Əmiraslanova minnətdar olduqlarını qeyd ediblər. Sonra isə sakinlər onları narahat edən problemləri səsləndiriblər.
Qeyd edilən problemlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub. Əhliman Əmiraslanov sakinləri narahat edən problemlərin həlli istiqamətində daim çalışdığını və müvafiq strukturların rəhbərləri ilə bəzi problemlərin həll olunması məqsədilə görüşlər keçirdiyini seçicilərin diqqətinə çatdırıb. Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyəti qurumlara göndərilib.