Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşkilatçılığı ilə kafedranın müdiri, tanınmış iqtisadçı alim, professor Məhəbbət Məmmədovun 70 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib. Seminarda Milli Məclisdən, AMEA-dan, Auditorlar Palatasından, nazirliklərdən, respublikamızın elm-təhsil müəssisələrindən qonaqlar, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
"Unikal" xəbər verir ki, tədbiri giriş nitqi ilə açan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova professor Məhəbbət Məmmədovu 70 illik yubileyi münasibətilə təbrik edib, ona elmi, pedaqoji fəaliyyətində uğurlar arzulayıb. Rektor vurğulayıb ki, Məhəbbət müəllim ömrünün 45 ilini elmə, təhsilə həsr edib, onun elmi-pedaqoji fəaliyyəti 230 elmi əsərdə, o cümlədən 5 monoqrafiyada, 8 dərslikdə, Almaniyada, Fransada, Macarıstanda, Çexiyada,Turkiyədə, İranda, Rusiyada və s. ölkələrdə çap edilmiş 45 elmi əsərdə öz əksini tapıb. Dəyərli alimin elmi-pedeqoji və istehsalatda səmərəli fəaliyyəti həmişə qiymətləndirilib, o, Təhsil Nazirliyinin , Energetika Nazirliyinin, Enerji Nəzarəti Dövlət Agentliyinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəxri fərmanları ilə təltif olunub, Azərbaycan Respublikası Prezidentinin sərəncamıyla “Tərəqqi” medalına layiq görülüb. Onun elmi rəhbərliyi ilə bu günə qədər 26 doktorant və dissertant dissertasiya işi müdafiə edib, hazırda rəhbərliyi ilə doktorluq proqramı çərçivəsində 4 doktorluq və 5 doktorant (o cümlədən, 2 xarici ölkə vətəndaşı) dissertasiya işlərini yerinə yetirirlər. Yubilyarın kadr hazırlığındakı xidmətlərindən danışan G.Məmmədova bildirib ki, məhz onun kafedraya rəhbərlik etdiyi dövrdə bir sıra mühüm layihələr həyata keçirilib, bacarıqlı və işgüzar kafedra müdiri kimi məhz onun təşəbbüsü və təşkilatçılığı ilə bir çox dövlət qurumları ilə Universitetimiz arasında işgüzar əlaqələr qurulub, elmlə istehsalatın əlaqələri möhkəmlənib.
Elmi seminarda Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Nazirlər Kabinetinin şöbə müdiri Elşən Hacızadə, Auditorlar Palatasının sədri Zahid Novruzov, İqtisadi İslahatlar Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və başqaları yubilyarı təbrik ediblər, haqqında ən xoş arzularını dilə gətiriblər. Professor M.Məmmədovu savadlı, bacarıqlı, enerjili, zəhmətkeş, vətənpərvər, dövlətçilik ənənələrinə sadiq ziyalı kimi xarakterizə edən dostları yubilyarın gənc nəslə örnək olacaq ömür yolu keçdiyini vurğulayıblar.
Çıxışlardan sonra söz alan professor Məhəbbət Məmmədov əməyinə verilən yüksək dəyərə görə seminarda iştirak edən həmkarlarına minnətdarlığını bildirib. O, eyni zamanda yubileyinə həsr edilmiş tədbirin təşkilatçılığına görə AzMİU rəhbərliyinə təşəkkürünü çatdırıb.