Sabiq MTN polkovniki Vüsal Ələkbərov jurnalistləri təhqir edib.
"Unikal" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasdan sonra V.Ələkbərova sual vermək istəyən jurnalistlər ona yaxınlaşıblar. Lakin o, suallara cavab verməkdən imtina edib və uzaqlaşmağa başlayıb. Jurnalistlərin arxasınca gəldiyini görən MTN polkovniki “itsiniz, dalıma düşmüsünüz? Gedin işinizlə məşğul olun” deyərək onları təhqir edib.
Qeyd edək ki, V.Ələkbərov 2015-ci ildə MTN-də keçirilən əməliyyat zamanı saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətə azadlıqdan məhrum edilsə də, Ali Məhkəmə tərəfindən cəzası şərti hesab edilib və 3 ildən sonra azadlığa çıxıb.
O, 2008-2014-cü illərdə MTN-də İstintaq Baş İdarəsində şöbə rəisi olduğu dövrdə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. Hazırki cinayət işi üzrə 32 zərərçəkmiş var və bir çoxu Vüsal Ələkbərov tərəfindən qanunsuz həbs edildiyini, külli miqdarda pul alındığını iddia edirlər.