Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il tarixli sərəncamı ilə hər il 25 iyun ölkəmizdə “Dənizçi günü” peşə bayramı kimi qeyd olunur.
"Unikal" xəbər verir ki, bu əlamətdar gün münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı önünə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Daha sonra Dövlət Dəniz və Liman Agentliyinin inzibati binasında “Dənizçi günü”nə həsr olunan tədbir keçirilib.Dövlət himni səsləndirildikdən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü
uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov ilk olaraq həyatlarını çətin, şərəfli peşəyə həsr edən dənizçilərimizi təbrik edib və onlara məsuliyyətli işlərində uğurlar arzulayıb. Azərbaycanda dənizçilik sahəsinin şanlı tarixə sahib olduğu və bu tarixin yazılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Agentlik sədri bildirib ki, Azərbaycanda dənizçiliyin inkişafına birbaşa və həlledici təsirləri olan “Əsrin müqaviləsi” neft sazişi, Böyük İpək Yolunun bərpası və Beynəlxalq Dəniz Təşkilatına üzvlüyümüz Heydər Əliyevin adı ilə bağlıdır.
İdarə Heyətinin sədri vurğulayıb ki, bu gün dənizçilik sahəsi Heydər Əliyev yolunun layiqli davamçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsindədir. Bu baxımdan 2013-cü ildən bu günə kimi Xəzər Dəniz Donanmasına 20-dən çox yeni gəminin alınması, müasir gəmilər inşa edən Bakı Gəmiqayırma Zavodunun inşası, Xəzər dənizində ən böyük liman olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının salınması bu mərhələnin bariz nümunələri kimi göstərilib.
Agentliyin İdarə Heyətinin sədri dəniz nəqliyyatı sektorunun rəqabətədavamlı şəkildə inkişafı məqsədilə 2021-ci ilin oktyabr ayında Cənab Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Dövlət Dəniz və Liman Agentliyi yaradıldıqdan sonra həyata keçirilən mühüm islahatlardan da danışıb.
Dövlət Dəniz və Liman Agentliyinin dənizçilərin hazırlığı sistemində atdığı addımlar, xüsusilə dənizçilərə diplomların (sertifikatlar) verilməsi prosesinin sadələşdirilməsi, qurumun Beynəlxalq Dəniz Təşkilatının 2022-ci il auditindən uğurla keçməsi və dənizçilərin hazırlığı sisteminin Beynəlxalq Dəniz Təşkilatının “Ağ siyahı”sında yer alması və bunun Azərbaycan dənizçiləri üçün faydaları xüsusilə vurğulanıb.
Arif Məmmədov çıxışının sonunda Dövlət Dəniz və Liman Agentliyinin bundan sonra da dəniz nəqliyyatı sahəsində idarəetmə, tənzimləmə, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, bu sahədə dövlət tənzimlənməsi istiqamətində həyata keçirilən işin optimallaşdırılması və rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması məqsədilə əzmlə çalışacağını qeyd edib.
Tədbirin sonunda “Dənizçi günü” münasibətilə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə bir qrup dənizçi “Donanmanın fəxri işçisi” və “Uzaq səfərlər kapitanı” döş nişanları ilə təltif olunub.