Bakı Ağır Cinayətlər Məhkəməsində MİDA-nın sosial binalarında 1 mənzili bir neçə nəfərə satmaqda təqsirləndirilən "KAT" Holdinqin rəhbəri Elçin Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Şahin Məmmədov bildirib ki, "KAT" Holdinqdən 2 otaqlı mənzil alıb.
"Ümumi 60 min manat ödəmişəm. Mənə dedilər ki, pulun 30 min manatını banka, 30 min manatını isə əlbəəl ödəməlisən. Mən də razılaşdım. Pulu ödəyib qurtaranda dedilər ki, ev bir neçə adama satılıb. Müqaviləyə əsasən, mənzil mənə tam təmirli verilməli idi. Amma mənzili vermədilər. Məcbur olub təmirsiz evə girdim və özüm təmir elədim. Alqı-satqı müqaviləsində məbləğ 30 min göstərilsə də, mənzili 60 min manata aldım. Dedilər ki, müqavilədə elə göstərilir, amma qiymət 60 min manatdır", - şahid bildirib.
Digər şahid Rauf Babayev isə qeyd edib ki, "KAT" Holdinqdən hər biri iki otaqdan ibarət 2 mənzil alıb: "Mənzillər bizə təmirli verilməli idi. Şikayət etdik, bizi arxayın etdilər ki, mənzillər veriləcək. Amma vermədilər. Mən də məcbur gedib 2 mənzili təmirsiz götürdüm. İndi birini təmir etdirmişəm, amma biri hələ təmirsiz qalıb. Biz təmirin pulunu da şirkətə ödəmişik".
İttihama görə, Elçin Ələkbərov son 2-3 ildə holdinqə şərik olan Litva vətəndaşı Povilas Pociusanın şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Elçin Ələkbərov Povilas Pociusanı holdinqə 50 faiz pay sahibi edib. Məhz 50 faizlik pay sahibliyini aldıqdan sonra Povilas Pociusa 3 milyon 26 min manatı holdinqə köçürüb. Bundan əlavə inşa ediləcək binalardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin ona veriləcəyi razılaşdırılıb.
Həmçinin, holdinqə məxsus zavod da girov olaraq Povilas Pociusa verilib. Binaların inşasının yekunlaşmasına qısa bir vaxt qalmış Povilas Pociusa pulunu tələb edib. Pulunun qarşılığında binadan 6 mənzil, 2 obyekt, bir də zavod girov alan, holdinqə şərik olan Litva vətəndaşı əvvəlcə polisə üz tutub və aldadıldığını deyib.
İstintaq orqanı tərəfindən Elçin Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq) 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan olunub.