Bakıda 5 nəfərin ölümünə səbəb olan yük maşınının sürücü, 19 yaşlı Mahmud Əzizovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Unikal" xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Məhəmməd Əkbərovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 13-də hava limanı istiqamətində qeydə alınıb.
19 yaşlı Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə 171 nömrəli xətt avtobusuna çırpılıb. Avtobus zərbənin nəticəsində dayanacağa aşıb.
Nəticədə, yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.