"İyul ayının ilk 4 günündə yollarımızda baş verən qəzalarda 22 nəfər həlak olub. Belə qısa müddət üçün bu qədər ağır göstəricini xatırlamıram".
"Unikal" xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. O bildirib ki, mövcud problemlər daha da qabarıq üzə çıxmaqdadır:
"Necə deyərlər, bu sahədə olan “xəstəliklər” şiddətlənməkdədir. Bu səhər Sumqayıt-Bakı yolunun Biləcəri bərabərindəki hissəsində (təxminən 1 kilometrlik yol sahəsində) 2 arxadan vurulma hadisəsi gördüm (eyni mənzərə hər gün Z.Bünyadov prospektində, Aeroport yolunda və oxşar yollarda da olur). Səhər saatlarında, hərəkətin pik vaxtı, ciddi sıxlıq və tıxac olan bir yerdə bu hadisələrin əsas səbəbi sürücülərin telefondan istifadəsidir. Həmin vaxt nəqliyyat axını gah gedir, gah da dayanır, orta sürət 10 km/saat-dan az olur. Diqqət etsəniz, hər 5 sürücüdən 4-nün əlində smartfon görəcəksiniz. Düşünürlər ki, tıxacdır, sosial şəbəkələrə və ya başqa məlumatlara baxaq, görək nə var, nə yoxdur? Onsuz da ara məsafəsi saxlamırıq, belə asta sürətdə isə az qala bufer-buferə və güzgü-güzgüyə sürürük. Sürücünün gözü isə smartfondadır. Qabaqdakı dayananda onu görmür və beləcə bu gün gördüyüm kimi hadisələr baş verir. Düzdür, tıxacda belə hadisə az miqdarda maddi ziyan vurur. Amma buna aludə olan xeyli sürücü bunu yüksək sürət vaxtı da edir. Bu halda isə daha faciəli nəticələr olur.
Tıxacda bu səbəbdən baş verən hadisələr yolu daha da keçilməz edir. Nəticədə həmin tıxac daha dözülməz olur və uzun müddət davam edir. Həmin tıxacdan çıxan sürücü isə ayağını qaza basaraq, çox aqressiv sürür. Nəticədə sonrakı yolda ağır qəza baş verir. Avtomobil sürərkən smartfona baxan sürücü həm gözlərini kor etməkdədir, həm də potensial olaraq ən ciddi qəzaya düşə bilər".